Azərbaycanda klub prezidenti məhkəməyə verilib.
Söhbət «Araz-Saatlı»nın başqanı Ədalət Abdullayevdən gedir.
Ondan şikayətçi isə bu komandanın sabiq baş məşqçisi Asim İbrahimovdur. O, burada fəaliyyət göstərdiyi dönəmdə kollektivə şəxsi vəsaitini xərclədiyini deyərək, məhkəməyə üz tutub.
İşi araşdıran orqan İbrahimovun iddiasını təmin edib. Çünki Abdullayevin özü də məşqçinin «Araz-Saatlı»ya maliyyə ayırdığını danmayıb.
Odur ki, məhkəmə prezidentin maaşından hər ay 120 manat tutularaq qarşı tərəfə ödənilməsi barədə qərar çıxarıb.
Yeri gəlmişkən, «Araz Saatlı»nın AFFA tərəfindən cərimələnməsini xatırladaq.
Federasiya bu mövsümün sonunda II Liqanı tərk edən klubu təsadüfən cəzalandırmayıb.
Səbəb onların Asim İbrpahimov qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsidir. Belə ki, aranlılar 2025-ci ildə baş məşqçi postuna gətirdiyi mütəxəssislə müqaviləni birtərəfli qaydada pozub, amma təzminat ödəməyib.
Bir ara MOİK-də çalışmış İbrahimov AFFA-ya müraciət edərək, klubdan şikayətlənib.
Aylıq 2000 manat maaş qarşılığında 2 illik kontrakta imza atdığını bildirərək, ona çatacaq pulun tam şəkildə ödənilməsi məsələsini qaldırıb.
AFFA sənədləri araşdırıb və ötən ilin noyabrında qərar çıxarıb. Həmin qərara əsasən, qurum kluba maliyyə yardımını (5800 manat) dayandırıb.
Həmin vəsait «Araz»ın adından İbrahimova ödənilib. Beləcə, sonuncunun hesabına 34800 manat köçürülüb.
SPORTİNFO.AZ

