Bəs iddia edirdiz ki, "Şəmkir"də futbolçu yoxdur? - VİDEO

27 Mart 17:40 II Divizion 336
Bəs iddia edirdiz ki, "Şəmkir"də futbolçu yoxdur? - VİDEO

Azərbaycan II Liqasında XVIII tur arxada qalıb.

"Baku Sportinq" səfərdə "Şəmkir"in qonağı olub.

Çempionatın lideri qərb bölgəsində gözlənilmədən büdrəyib. Hərçənd matçın ilk 33 dəqiqəsi Buzovna təmsilçisinə asan 3 xal vəd edirdi.

Ard-arda iki-üç fürsət yaxalayan qonaqları öncə Elgün Abbaslı sevindirib. «10 nömrə» sol cinahdan yerinə yetirdiyi cərimə zərbəsini qolla tamamlayıb.

Röyal Nəcəfov isə növbəti epizodda başla fərqlənərək, bombardirlər yarışmasında öz göstəricisni bir qədər də yaxşılaşdırıb. Hücumçu az sonra 14-cü qolunu vurub, fəqət, laynsman şübhəli qərar verib, bayrağını havaya qaldırıb.

Qələbə havasına erkən isinən Elman Sultanovun komandasını Kərəm Əhmədli cəzalandırıb. 21 yaşlı «Şəmkir»li müdafiəçi cərimə zərbəsindən göndərilən topu başla Vaqif Şirinbəyovun qoruduğu qapıdan keçirib.

İkinci hissədə mübarizə əsasən meydanın mərkəz bölgəsində gedib. Qapılar önündə təhlükəli fraqmentlərin sayı az olub.

Belə fürsətlərin birini Məhəmməd Xəlilov qaçırıb. «Baku Sportinq»in yarımmüdafiəçisi cərimə meydançası daxilində əla manevr eləyib, topa son toxunuşu isə möcüzəvi halda qapı xəttini keçməyib.

Məzahir Əhmədov 89-cu dəqiqədə Şəmkir Olimpiya Kompleksinin stadionuna toplaşan 200 fanatı ayağa qaldırıb. 25-28 metrdən cərimə zərbəsi vurmaq imkanı əldə edən yarımmüdafiəçinin qolu kifayət qədər baxımlı alınıb.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

2024-cü ilə pis başlayan "Baku Sportinq" yenə liderliyini davam etdirir. 10 xalı olan "Şəmkir" isə 12-ci yerdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!