Azərbaycan II Liqasında XV tura yekun vurulub.
"Cəbrayıl" Bakıda "Kürmük Qax"ı qəbul edib.
Qarşılaşma nominal ev sahiblərinin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Beləcə, Qarabağ təmsilçisi cari mövsümün ən böyükhesablı qalibiyyətini rəsmiləşdirib.
Darmadağının əsası 8-ci dəqiqədə qoyulub və ta 80-ci dəqiqəyə kimi davam edib. Baş hakim Rövşən Rəcəbov, deyəsən, utandığından nə birinci, nə də ikinci hissəyə əlavə vaxt təyin edib.
Elə Cavid Hüseynovun komandası da son 10 dəqiqədə hücuma çox çıxmayıb, final fitinin çalınmasını gözləyib. Bilmək olmaz, bəlkə də ondan bu xahişi həmkarı Telman Kərimov eləyib.
Yoxsa hesabı rahatlıqla ikirəqmli həddə çatdıra bilərdilər. Hələ nə yaxşı ki, «Kürmük»ün qapısını Murtuzəli Cabbarov qoruyub.
33 yaşlı çəkisinin kifayət qədər çox olmasına rəğmən, bir neçə epizodda seyvlə yadda qalıb. 90 dəqiqə ərzində «Cəbrayıl»ın qapısı önünə yaxınlaşa bilməyən qaxlıları Polad İbrahimovla Ruslan Voronsov hərəyə iki dəfə məyus edib.
Digər qolları isə Elşad Əliyev, Hüseyn Novruzov, Əli Nəcəfli, Tapdıq Əhmədov və Nurlan Quliyev vurub.
Xallarını 33-ə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 12-ci yerdədir.
SPORTİNFO.AZ
|
Neftçi Futbol Mərkəzi (IV meydança). 50 tamaşaçı |
|
||
|

