Böyük futbol 26 il sonra bu qəsəbəyə qayıtdı - FOTOLAR

3 Fevral 2024 19:00 II Divizion 1 418
Böyük futbol 26 il sonra bu qəsəbəyə qayıtdı - FOTOLAR

Bu gün Azərbaycan futbolu üçün əlamətdar hadisə kimi tarixdə qalacaq.

Bəli, məhz bu gün - 3 yanvar tarixində 26 il sonra Buzovnaya böyük futbol qayıdıb.

Qəsəbə təmsilçisi "Xəzri" 1998-ci ildə "Gənclik" stadionunda axırıncı dəfə rəsmi ev matçında meydana çıxdıqdan sonra dağılmışdı. Aradan 26 il keçib.

1995-ci ildə "Xəzri"nin heyətində yer alan Elman Sultanovun çalışdırdığı və Buzovnanı təmsil edən "Baku Sportinq" yenilənmiş və təbii ot örtüyünə malik arenada Birinci Liqada çıxış edən "İmişli"ni sınağa çəkib.

Elşən Abdullayevin transferiylə güclənən Əsgər Abdullayevin kollektivi II Liqanın liderinin qarşısında tab gətirə bilməyib.

Oyunboyu böyük üstünlüyə malik olan "Baku Sportinq" 12-ci dəqiqədə hesabı açıb. 26 il sonra Buzovna stadionunda vurulan ilk qolun müəllifi Ülvi Quliyev olub.

Ev sahibləri ilk yarıda daha bir dəfə rəqib torunu silkələyib. Emil Həsənzadə 35-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edib.

Görüşün ikinci hissəsində - 71-ci dəqiqədə dublunu rəsmiləşdirən Həsənzadəyə "İmişli"dən 75-ci dəqiqədə Quliyev cavab verib - 3:1.

Bununla da, "Baku Sportinq" qış fasiləsində keçirdiyi ikinci hazırlıq matçından da (ilk oyun "Sabah"U-19 4-3) qalib ayrılıb.

Hazırda II Lliqada turnir cədvəlinə başçılıq edən "ağ-göylər" ən yaxın izləyicisini 7 xal qabaqlayır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA