Bir oyunda penta-trik edən bombardir: “Burada qol vurmaq asan deyil”

17 Dekabr 2023 01:50 II Divizion 941
Bir oyunda penta-trik edən bombardir: “Burada qol vurmaq asan deyil”

“II Liqada qol vurmaq asan deyil”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında II Liqada çıxış edən “Şahdağ Qusar” komandasının futbolçusu Tural Qurbatov deyib.

“Kürmük Qax”ı səfərdə 6:1 hesabı ilə məğlub etdikləri görüşdə 5 qol vuraraq penta-trikə imza atan 30 yaşlı hücumçu buna görə çox sevindiyini bildirib:

“Bir oyunda 5 qol vurmaq asan iş deyil. Mənim üçün xoş haldır. Bir matçda 5 dəfə fərqləndiyim, çempionatda bombardirlər yarışına başçılıq etdiyim üçün çox sevinirəm.

Rəqib ikinci hissədə boşluqlar verdi, mən də bunlardan yaxşı istifadə etdim. Demək olar ki, hər epizodu qolla yekunlaşdırdım”.

Azərbaycanın U-19 millisinin sabiq futbolçusu II Liqada birinci dövrədən sonra ikinci pillədə qərarlaşmalarına da münasibət bildirib.

Tural Qurbatov hədəflərinin mövsümü zirvədə tamamlamaq olduğunu söyləyib:

“Düşünürəm ki, birinci dövrədəki nəticəmiz yaxşıdır. Sadəcə, mövsümün əvvəlində bir neçə xal itirdik.

Xal itirməməli olduğumuz görüşlərdə büdrədik. Bu da komandanın yeni formalaşması ilə bağlı idi.

Məncə, dövrəni birinci pillədə də başa vurmaq olardı. Oyundan-oyuna daha yaxşı çıxış etməyə başladıq.

Xüsusən də dövrənin sonlarında çox qol vurmağa başladıq. İkinci dövrədə daha yaxşı çıxış edərək çempion olmaq istəyirik”.

Hazırda hesabında 30 xal olan “Şahdağ Qusar” lider “Baku Sportinq”dən 4 xal geri qalır. Mövsümün geridə qalan bölümündə 21 dəfə fərqlənən Tural Qurbatov isə ən yaxın izləyicisini 5 qol qabaqlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA