Azərbaycan II Liqasında 14-cü turun oyunları keçirilib.
"Şəmkir" doğma meydanda "Qusar"ı qəbul edib.
Qarşılaşma şimal bölgəsi təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb.
Bu qarşılaşma Şəmkir Olimpiya Kompleksinin stadionuna cəmi 30 azarkeşi toplaya bilib. Qazondan danışmağa dəyməz.
Güclü yağışdan çıxmış sahə görənləri xəyal qırıqlığına uğradıb. Təəssüf ki, Azərbaycanmda futbol hələ də belə meydanlarda oynanılır.
Bostanabənzər və kələ-kütür torpaq sahəsi hər iki komandaya xeyli əziyyət verdi.

Düzdür, “Şəmkir” ilk 20-30 dəqiqədə ərazi üstünlüyü yaxaladı, bir neçə epizodda qolla burun-buruna gəldi, “Qusar”ın qapıçısı Əli Həsənli özünü itirmədi.
Ilk hissədə meydana alışa bilməyən qonaqlar yalnız fasilədən sonra “dirildi”. 58-ci dəqiqədə Nicat Muxtarov əks-hücumu sol cinahdan qapıya vurduğu zərbəylə tamamlayıb.
Tanıdız onu? Bu, həmin Nicatdir - 2017-ci ilin sentyabrında gündəm olan futbolçudur.
Yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb.
Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarov olub.
Dəstə üzvləri yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar.
2015-ci ilin yayında "Sumqayıt"a keçmiş Nicatla bağlı DİN həmin vaxt belə məlumat yaymışdı:
“Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.
Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub”.
Oktyabrın 6-da zaminə buraxılan Nicatın əvvəllər "Simurq", "Rəvan", “Zaqatal”, eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisində də forma geyinməsini xatırladaq.
İllərdir gözdən itən oyunçunun yenidən bu sahəyə dönməsinə sevinirik. Ümid edirik ki, ovaxatkı səhvlərindən nəticə çıxarıb və biz bundan sonra onun yaxşı xəbərlərini alacağıq.
Xallarını 29-a yüksəldən "Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 6 xalı olan "Şəmkir" isə 13-cü yerdədir.
SPORTİNFO.AZ
|
|||||||||

