
Azərbaycan II Liqasında XII turun oyunları keçirilir.
"Qusar" Sumqayıtda "Şəki Siti"ni qəbul edib.
Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda maraqlı hadisələr baş verib. İlk dəqiqələrdən hücuma atılan qonaqlar erkən fərqlənməyə çalışıb.
Onları ən çox Kamranbəy Rəhimov hiddətləndirib. Premyer Liqada səhvlərinə alışıq olduğumuz referi burada da futbolçuların əsəblərini tarıma çəkib.
«Qusar»ın müdafiəçisi Vüsal Hüseynov cərimə meydançası daxilində topun istiqamətini əliylə dəyişsə də, baş hakim penalti nöqtəsini göstərməyib.
Şəkililər 29-cu dəqiqədə Ravil Xəlilovla çoxgedişli və maraqlı hücumu qolla nəticələndirib.
İlk 1 saatın üstündən 2 dəqiqə keçmiş Eşqin Tağıyev bərabərlik qolunu vurub. Qarabağ qazisi olan hücumçu düzgün mövqe seçməklə status-kvonu bərpa etməyə çətinlik çəkməyib.
Bir qədər sonra qusarlıların müdafiəçiləri arasında anlaşılmazlıq yaranıb, topu ələ keçirən Ramin İsmayılov boş qapını nişan almağa gecikib. Kapitan ləng tərpənməklə əlinə düşən fürsəti boşa verib.
88-ci dəqiqədə Tağıyev idmançıya yaraşmayan hərəkətə yol verib. O. rəqibə arxadan təpik vurmağa cəhd göstərdiyindən, meydandan uzaqlaşdırılıb.
Lakin bu, «Qusar»ın ikinci qolu vurmasına mane olmayıb. Nominal ev sahibləri «Şəki»ni əks-hücumda yaxalayaraq, Firudin Ağalarovla istəyinə çatıb.
Xallarını 26-ya yüksəldən "Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 20 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.
SPORTİNFO.AZ
|