Futbol üzrə ikinci liqada mübarizə aparan “Sheki City”nin rəhbəri Elgün Hüseynov sosial şəbəkə hesabında “100 nəfər şəkili axtarırıq” adlı ianə kampaniyasına start verdiyi haqda yazmışdıq.
Artıq 27 nəfər bu siyahıda öz yerini alıb.
Sportinfo.az xəbər verir ki, komandaya dəstək olanlar arasında zərif cinsin nümayəndəsi də var. Söhbət Fidan Mübarizdən gedir.
Şəkili xanımla əlaqə salxayaraq ianə kampaniyasına qoşulması barədə fikirlərini aldıq (football-plus.az):
“Əslində futbola marağım yoxdu. Klubun rəhbəri Elgün Hüseynovu 2019-cu ildə qadın futbolçulardan ibarət “Marxal” komandasını yaratdığı vaxtdan tanıyıram.
Həmin vaxt bankda işləyirdim. İlk dəstəyim də qızlar komandasına olmuşdu.
Şəxsi “instaqram” hesabımda paylaşımlar edirdim. İndi də 2-ci liqanın oyunları üçün bilet satışına kömək oluram.
Elgünün Şəki futbolu adına həvəslə işlədiyini gördükdən sonra özüm də buna maraq göstərdim. Bu cür işlər bir şəkili olaraq məni də qürurlandırır.
“100 şəkili axtarırıq” kampaniyası ilə rastlaşdıqda düşündüm ki, sosial şəbəkə hesabımdan qazandığım gəlirdən komandaya da yatırım edim.
İndi bankda işləmirəm və bütün diqqətimi səhifəmə yönəltmişəm. Burdan doğma “Sheki City”mə dəstək olacam.
Bəlkə mənim də buna qoşulmağımın ardından xanım dəsətkçilərin də sayı artar. Yeddi ay boyunca hər ay 100 manat ianə edəcəm.
Maşınımın kredi bitdikdən sonra komandaya daha çox pul ayıracam. Şəkimizin inkişafı adına əlimdən gələni etməyə hazıram”.