
Azərbaycan İkinci Liqasında 11-ci tur arxada qalıb.
Tur çərçivəsində 7 qarşılaşma keçirilib.
O qədər də gərgin keçməyən matçlarda iddialıların asan qələbələri diqqət çəkib.
Bundan başqa görüşlərə olan azarkeş marağından da danışmasaq olmaz.
Deyəsən, ikinci liqa ancaq meydanda mübarizə aparan futbolçulara və məşqçilər korpusuna lazımdır.
Hər halda, 7 oyuna gələn tamaşaçı sayı belə düşünməyə əsas verir.
Təsəvvür edin ki, görüşləri üst-üstə cəmi 250 azarkeş izləyib. Bu da hər qarşılaşmaya orta hesabla heç 36 nəfər etmir.
Düzdü, oyunlardan 3-ü Bakıda, 1-i Sumqayıtda keçirilib. Və belədə düşünə bilərsiniz ki, tribunalarda az adamın cəm olması normaldı.
Çünki paytaxtda keçirilən oyunlara az sayda tamaşaçının gəlməsinə illərdi alışmışıq.
Amma bir məsələ var ki, rayonlarda da keçirilən oyunların şəhərdə baş tutanlardan ciddi fərqi olmayıb.
Qaxda keçirilən "Kürmük Qax" - "Lerik" matçı üçün (4:0) 70, Saatlıda baş tutmuş "Kür Araz" - "Baku Sportinq" görüşünə isə (0:3) cəmi 50 nəfər arenaya gəlib.
XANOĞLAN / SPORTİNFO.AZ