"Biz gələcək baş məşqçi barədə çox ciddi fikirləşməliyik"

7 Noyabr 2023 11:40 II Divizion 1 331
"Biz gələcək baş məşqçi barədə çox ciddi fikirləşməliyik"

“Biz onunla hələ uzun müddət bir yerdə çalışmaq istəyirdik, ancaq vəziyyət belə alındı“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Dinamo“nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

Dünən II Liqada növbəti baş məşqçi dəyişikliyi reallaşıb. Novruz Əzimov son anda çempionata qatılan “Dinamo” ilə vidalaşıb.

Anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bir neçə turdur uğursuz çıxış edən klubun dəyişikliyə gedəcəyi gözlənilən idi. Bu gün 10-cu tur çərçivəsində “Şahdağ”la keçirilən oyun “fitil”i çəkib.

Belə ki, “polislər” Qusardan olan rəqibinə 0:9 hesabıyla uduzub.

Mövsümün geridə qalan hissəsində 12 xal toplayan “Dinamo” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Y.Seyidov son yenilginin N.Əzimovun qərarına təsir etdiyini bildirib:

“Gəlib dedi ki, daha mənimki burada alınmır. Bir-birimizin əlini sıxdıq,

Onu da başa düşürəm, heç bir məşqçi istəməz ki, komandası bu cür hesabla uduzsun.

“Dinamo“nun nəvaxta qapısından 9 top buraxması yadıma gəlmir. Klubun tarixində belə hadisə olmayıb.

Novruz müəllim bizim dostumuzdur. Onunla münasibətlərimiz həmişə yaxşı olub və bundan sonra da yaxşı olacaq.

Biz gərək indi irəli baxaq, ona isə gələcək fəaliyyətində uğurlar arzulayaq. İlk gündən bizimlə bərabər olduğu üçün Novruz müəllimə bir daha öz təşəkkürümüzü bildiririk.

Yeni baş məşqçinin kimliyinə, yəqin ki, bir müddət sonra aydınlıq gələcək. Çempionatda ilk dövrənin başa çatmasına 3 tur qalıb.

Böyük ehtimalla, komandanı növbəti oyunlara Əzimovun köməkçiləri çıxaracaq. Biz gələcək baş məşqçi barədə çox ciddi fikirləşməliyik.

“Dinamo“ Azərbaycan futbolunun əfsanəsidir. Bu klub daim yüksək yerlər uğrunda mübarizə aparıb. Hədəfimiz o günləri yenidən geri qaytarmaqdır“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA