Azərbaycan II Liqasında VII tura yekun vurulub.
"Lerik" Lənkəranda "Şahdağ Qusar"ı qəbul edib.
Qarşılaşma şimal bölgəsi təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İlqar Hüseynov 9-cu dəqiqədə penaltı zərbəsi vurmaq hüququ əldə edib və bunu maraqlı şəkildə yerinə yetirib. Fasiləyə az qalmış Rubin Seyidov səhnəyə çıxıb.
Qusarlıların oyunçusu "qayçı" zərbəsiylə gözəl qola imza atıb. İkinci hissədə də hücumların kəsərini azaltmayan Bəhram Şahquliyevin komandası daha iki dəfə fərqlənib.
Ruslan Ağalarov (47) və Mehdi Rəsulov (90) adını tabloya yazdırıb.
Nominal ev sahiblərinin gücü yalnız təsəlli qoluna çatıb. Famil Dostiyev qapıçıyla üzbəüz qaldığı epizodu boşa verməyib.
Doğrusunu demək vacibdir: qarşılaşma bu hesabla bitməli deyildi. Respublikanın şimalından gələn kollektiv daha çox qol vurmalıydı.
Leriklilər ikirəqəmli məğlubiyyətlə üzləşmədikləri üçün Ayaz Məmmədliyə minnətdar olmaıdır. Qapıçı 5-6 epizodda xilaskar kimi yoldaşlarının dadına yetişdi.
"Lerik" problemlər içindədir. Cənub təmsilçisi maddi sıxıntılar içindədir. Klubun yaradıcıları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.
Onlara kənardan ciddi dəstək olmadığından, futbolçular arasında narazılıq güclənib. Bir neçəsi artıq düşərgədən gedib.
Baş məşqçi Vidadi Hüseynovla yola getməyənlər də var.
Xallarını 13-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 10-cu yerdədir.
SPORTİNFO.AZ
|
||||||||||

