
«Dinamo» peşəkar kluba çevrilmək istiqamətində mühüm addım atmağa hazırlaşır.
Bu barədə Sportinfo.az-a II Liqa təmsilçisinin İdarə Heyətinin sədri Yaşar Seyidov məlumat verib.
Onun bildirdiyinə görə, infrastrukturun quruluması ilə bağlı layihə işlənib:
«Bakı və ya Bakıətrafı qəsəbə və kəndlərin birində baza tikməyi planlaşdırırıq. Burada akademiya da fəaliyyət göstərəcək.
Bildiyiniz kimi, «Dinamo» Daxili İşlər Nazirliyinin balansındadır. İstəyirik ki, həmin akademiyada polis orqanlarında çalışan şəxslərin övladları futbolun sirlərini öyrənsin.
Onlarla yanaşı, istedadlı uşaqları ora cəlb edəcəyik. «Dinamo»ya torpaq sahəsi ayrılması üçün yaxın günlərdə müvafiq dövlət qurumlarına məktub göndərəcəyik.
Həmin ərazi Abşeronda da, Bakının özündə da, ətraf kənd və qəsəbələrin birində də ola bilər. Bizə bir neçə hektar kifayətdir.
Düşünürük ki, bu, problem olmamalıdır. Bu ərazilərdə o qədər boş yer var ki…
Daxili işlər orqanları respublikamızın bütün ərazisində asayişin keşiyində dayandığı kimi, «Dinamo»nun da adına layiq şəkildə futbolumuzun keşiyində dayanması vacibdir.
Bu proses də infrastrukturun qurulmasından başlanır. «Dinamo» tarixi klubdur və uzun illərdən sonra onun geri qayıtması hər kəsi sevindirməlidir.
Əminik ki, yerli ərazi idarəetmə orqanları da «Dinamo» kimi əfsanə klubun futbola dönüşünə öz tövhələrini verəcəklər».