
"Cəbrayıl" II Liqanın IV turu çərçivəsində dünən Şamaxıda "Şahdağ Qusar"la qarşılaşıb - 0:0.
Qonaq komanda bu matçda kobud texniki səhvə yol verib.
Belə ki, Cavid Hüseynovun rəhbərlik etdiyi bölgə təmsilçisinin heyətində adı protoklolda olmayan futbolçu iştirak edib.
"Cəbrayıl"ın heyətində matçın protokolunda adı olmayan 17 nömrəli futbolçu Nurlan Quliyev əvəzetmədən oyuna girib. O, 71-ci dəqiqədə Mehman Süleymanlının əvəzinə meydana daxil olub.
Klubun direktoru Səbuhi Səfiyarlı Sportinfo.az-a açıqlamasında hadisə barədə bunları deyib:
"Bizdə Nurlan adlı iki futbolçu var. Soyadları da oxşardır. Biri Quliyevdir, biri də Quluzadə.
Əslində, məhz Nurlan Quluzadə meydana daxil olmalı idi. Məşqçilərin bütün fikri oyunda olduğundan, onları bir anlıq səhv salıblar.
"Şahdağ" çempionatımızda əsas rəqiblərimizdən biridir. İstəyirdik ki, ilk üç turdakı qələbələrin davamını gətirək.
Komandamız Şamaxıda yaxşı çıxış elədi. İkinci Liqada medallar uğrunda gərgin mübarizə gedir. Azı dörd-beş komanda çempionluğa iddialıdır".