
Dünən Azərbaycan I Liqasında yeni mövsümə start verilib.
Yevlaxda keçirilən “Karvan” - “Mingəçevir” matçında dava düşüb.
Buna səbəb “Karvan”ın kapitanı Müşfiq Teymurovun 65-cı dəqiqədə əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub.
Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.
Matçın baş hakimi bu davadan irəli gələrək üç futbolçuya qırmızı vərəqə göstərib.
Bunlardan ikisi qonaqların, biri də ev sahiblərinin “payına düşüb”. Hadisənin səbabkarı, həmçinin Elçin Qasımovla Elvin Əlizadə meydandan uzaqlaşdırılıb.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov olayla bağlı Sportinfo.az-a danışıb:
“Bilirsiz, bu, aran derbisidir. Gərginlik qaçılmaz idi. Bu şəhərlərin komandaları harada oynayır oynasın, həmişə gərginlik olur.
Biz artıq belə şeyləri normal qarşılayırıq. Bunu gözləyirdik. Əsas odur ki, qələbə qazandıq.
Inşallah, çalışacağıq ki, uğurlu oyunlarımızın ardı gəlsin. Ona sevinirik ki, “Karvan” böyük futbolda ilk addımlarını atdı.
İstəyirik ki, əzəmətli “Karvan”ı yenidən Premyer Liqaya qaytaraq. Mənim üçün birinci oyun çox önəmli idi.
Evdə oynayırdıq, hər yerdən Yevlaxa gəlmişdilər. “Karvan”ın kökü olub, ad-sanı var.
Hamı bu gün “Karvan”la maraqlanır. Ələmatdar günlərdən birini yaşadım”.