
Cari mövsümdən İkinci Liqanın start götürməsi ilə ölkə futbolunun coğrafiyası genişlənib.
Əsasən bölgə təmsilçilərindən ibarət olan liqanın oyunları kifayət qədər maraqlı keçir, möhtəşəm görüntülər lentə alınır.
Fədakar insanların cəmləşdiyi İkinci Liqanın 2-ci turunda “Şəfa” Binə stadionunda “Şəki Siti”ni qəbul edib - 0:6.
Şimal-qərb təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatan görüşü klubun prezidenti Elgün Hüseynov da izləyib. Lakin o, təkcə meydanda yaşananlara baxmaqla kifayətlənməyib.
Hakimin start fitindən əvvəl əlinə fotoaparat alaraq meydana daxil olub və “Şəki Siti”nin, eləcə də hakimlərin şəkillərini çəkib.
Daha sonra tribunaya qalxaraq 90 dəqiqə ərzində dayanmadan komandasını qələbəyə səsləyib. Həm klub prezidenti, həm fotoqraf, həm də tribuna fəalı rolunda olan Hüseynov diqqətləri üzərinə çəkib.
Təbii, ölkə futbolunda bu cür görüntülərə şahidlik etmək xoşdur. Ancaq ümid edək ki, maddi sıxıntının ömrü çox çəkməyəcək.
Vaxt ötdükcə ölkənin imkanlı şəxsləri və aparıcı şirkətlər də aşağı liqalarda mübarizə aparan komandalara öz səxavətini göstərəcək.
HƏBİB / SPORTİNFO.AZ