“Neftçi”yə müraciət etdik, vəziyyətimizi başa düşdülər, köməklik göstərdilər”

10 Sentyabr 2023 11:30 II Divizion 1 601
“Neftçi”yə müraciət etdik, vəziyyətimizi başa düşdülər, köməklik göstərdilər”

“Bakıda komanda sayının artması bizə müəyyən çətinliklər yaratdı, bunlar da zamanla həll olunacaq məsələdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Cəbrayıl”ın direktoru Səbuhi Səfiyarlı deyib.

Qarabağ bölgəsini təmsil edən rayon cari mövsümə II Liqada başlayıb. Region Liqasının ötənilki qalibi ev oyunlarını Bakıda keçirir.

Bu məsələdə «Neftçi» onlara sözün həqiqi mənasında böyük köməklik göstərib. «Ağ-qaralar»ın rəhbərliyi Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq mərkəzinin qapılarını işğaldan azad edilmiş rayonun təmsilçisinin üzünə açıb.

S.Səfiyarlı «Neftçi»nin jesti barədə bunları söyləyib:

“Dövlətimizin böyük qələbəsindən sonra doğma rayonumuz erməni işğalından azad olunub. Ora köçümüzə az qalıb.

Komandamız hələlik Bakıda məskunlaşıb. Buradakı bir çox stadionları araşdırdıq və gördük ki, yer və vaxt cəhətdən onlarda da sıxlıqdır.

Çünki birinci və ikinci liqada çıxış edən şəhər komandaları çoxdur. Ona görə də“Neftçi”yə müraciət etdik.

Çox sağolsunlar ki, bizim vəziyyətimizi başa düşdülər. Dövlətimizin Cəbrayılda apardığı böyük yenidənqurma tədbirlərinin başa çatacağı müddətdə bizə verə biləcəkləri dəstəyi onlardan aldıq.

Təlim-məşq bazasının stadionunu bizə həvalə etdilər. Bununla əlaqədar baş icraçı direktor Fərrux Mahmudov başda olmaqla, klubun bütün rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.

Dövlətimizin Cəbrayılın məskunlaşması ilə bağlı proqramı hazırdır. İnanırıq ki, o dövr tezliklə gələcək və biz rəqiblərimizi öz rayonumuzda qəbul edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti