DİREKTOR: "Büdcəmiz kiçik olsa da, böyük ürəyimiz var"

30 Avqust 2023 21:20 II Divizion 1 632
DİREKTOR: "Büdcəmiz kiçik olsa da, böyük ürəyimiz var"

«Mən son 1 ildə aparılan islahatları mütləq qeyd etməliyəm.

Bunun nəticəsində peşəkar klubların sayı 15-dən az qala 35-ə çatdı».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Cəbrayıl»ın direktoru Səbuhi Səfiyarlı deyib.

İnişil Region Liqasının qalibi olan Qarabağ təmsilçisi yeni mövsümdən II Liqada qüvvəsini sınayacaq. Bölgə klubu qarşısına konkret hədəf qoymayıb, amma…

Təcrübəli funksionerin bildirdiyinə görə, məqsəd mərhələli şəkildə inkişaf etmək, uğura aparılan yola inamla addımlamaqdır:

«Birdən-birə 20 klubun ortalığa çıxması bu sahədə olan insanlarda, iş adamlarda inam yaratdı ki, futbolda addım-addım irəli getmək mümkündür.

Gördülər ki, daha Premyer Liqada, Birinci Liqada eyni komandalar oynamayacaq, sistem işləməyə başlayıb. Əminlik yaranıb ki, biz aşağı liqalardan başlayaraq yuxarı qalxa bilərik.

Yeni sistem insanlarda, futbola maraq göstərən iş adamlarında təmizliyin olacağına inam yaratdı. Ona görə də «Cəbrayıl» İkinci Liqadan mübarizəyə başlayır.

Bilirik ki, bütün dünyada olan sistem bizdə yenə işləyəcək, kimsə yuxarı qalxacaq, kimsə aşağı düşəcək. Biz də mümkün qədər yaxşı nəticə qazanmağı qarşımıza məqsəd qoymuşuq.

İmkan daxilində yaxşı heyət formalaşdırmağa başlamışıq. Baş məşqçimiz Cavid Hüseynovun da müəyyən qədər Premyer Liqa təcrübəsi var.

Həm yığma səviyyəsində futbol oynayıb, həm də Premyer Liqanın ən yaxşı klublarının formasını geyinib. Məşqçi kimi öz potensialını Premyer Liqada hardasa göstərib, öz yolunu bəlli edib.

Biz də fikirləşdik ki, Premyer Liqada topladığımız təcrübəylə, baş məşqçimizin fəlsəfəsiylə bir yerlərə gələ bilərik.

Nümunə ola biləcək bir klub formalaşdırmaq istəyirik. Konkret hədəflə İkinci Liqaya başlamırıq.

İstədiyimiz nəticələrə doğru addım-addım irəliləmək istəyirik. Hansısa böyük nəticələr haqqında düşünmədiyimizi deyə bilmərəm.

Konkret hansısa yer uğrunda vuruşacağımızı da demirik. İstəyimiz hər oyuna ən yaxşı nəticəni qazanmaq məqsədilə çıxmaqdır.

Heyətimizi də elə formalaşdırmışıq ki, bizə ani uğurları gətirəcək oyunçularla yox, onlarla inkişaf edə biləcəyimz nöqtəyə çataq.

İkinci Liqada istedadlı futbolçular var. Hansı ki, yüksək liqalarda oynamağa layiqdirlər, amma müəyyən səhv addımların nəticəsində bu yerlərdə qalıblar.

Onları qiymətləndirməyə, şans verməyə çalışacağıq. Qoy, sübut etsinlər ki, daha artığına layiq və qadirdirlər.

Büdcəmiz kiçik olsa da, böyük ürəyimiz var. Onun da sayəsində bəzi nəticələr qazanmaq istəyirik.

Qazana biləcəyimiz ən yüksək nəticə uğrunda savaşacağıq».

Digər Xəbərlər
Xəbər Lenti