İdarə Heyətinin sədri: “Bu klub yenidən futbol aləminə qayıdıbsa...”

25 Avqust 2023 19:40 II Divizion 1 049
İdarə Heyətinin sədri: “Bu klub yenidən futbol aləminə qayıdıbsa...”

“Klubumuzun Müşahidə Şurasında kimlərin təmsil olunacağı yaxın vaxtlarda bilinəcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Dinamo”nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

Yaxınlarda fəaliyyətini bərpa edən və tezliklə II Liqada mübarizə meydanına atılacaq “polislər” yenidən təşkilatlanma mərhələsini arxada qoyacaq.

Y.Seyidov AFFA və təmsilçisi olduqları Daxili İşlər Nazirliyinin klubun gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək yönündə məsləhətləşmələrin getdiyini bildirib:

“Dinamo” ilk gündən nazirliyin və federasiyanın diqqət mərkəzindədir. Nazirliyin məsul əməkdaşları kluba hər cür qayğı göstərir.

Biz AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyevdən də çox razıyıq. Müşahidə Şurasının kifayət qədər hörmətli və tanınmış insanlardan təşkil olunacağına şübhəm yoxdur.

“Dinamo” Azərbaycan futbolunun əfsanəsi və tarixidir. Bu klub yenidən futbol aləminə qayıdıbsa, fəaliyyətimizi yüksək səviyyədə qurmalıyıq.

Sentyabrın 4-də yeni mövsümə start veriləcək. Yəqin ki, ovaxtadək bir çox məsələlərə aydınlıq gələcək”.

Digər Xəbərlər
Xəbər Lenti