
«Uğurlu mövsüm keçirmək üçün əlimizdən gələni edirik».
Bu sözləri Sportinfo.az-a açıqnlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.
Qarabağ qazilərinin təmsilçisi olan klub I Liqada debüt edəcək. Region Liqasında adından söz etdirməyi bacarmış «fədailər» peşəkar statuslu yarışda da xoş iz buraxmaq, çempionata rəng qatmaq niyyətindədir.
Sentyabrın 13-jə start götürəcək yarışda ilk rəqib də məlumdur. Ev oyunlarını Ağsuda keçirəcək komanda MOİK-i qəbul edəcək.
«Difai»ni yaradan, onun bütün problemlərinin həllində böyük xidməti olan Asəf Məlikov ümid edir ki, məşqçi korpusu və futbolçular yaxşı çıxış naminə üzərlərinə düşən işi görəcəklər:
«Dünən püşkatma zamanı rəqiblərimiz müəyyən olundu. Rəqiblərin kimliyindən aslı olmayaraq, komandamız hazırlıq prosesini davam etdirir.
Düşərgəmizdə 25-dən çox futbolçu var. İstəyirik ki, daha iki-üç transfer edək. Hansı mövqeləri gücləndirməli olduğumuzu baş məşqçi Paşa Əliyev bizə deyib.
«Difai» birinci liqada ilk mövsümünü keçirəcək. Çempion olmaq iddiası ilə yola çıxdığımızı demirəm.
Məqsədimiz döyüşkən, öz dəsti-xətti olan komanda kimi yadda qalmaq, maksimum dərəcədə yüksək yerlər uğrunda mübarizə aparmaqdır.
Klub olaraq məşqçilər və futbolçularımıza nə demişiksə, hamısının arxasında dayanmışıq, yenə də dayanacağıq.
Sözümüzü konkret demişik - nə vəd etmişiksə, onları da yerinə yetirəcəyik. Bura «Difai»dir, başqa cür ola bilməz».