I Liqa klubu MOİK mövsümün ikinci yarısında daha iddialı çıxış etməyi hədəfləyir.
Sportinfo.az xəbər verir ki, futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “hərbçilər” bunun üçün qış fasiləsində heyətini legionerlərlə gücləndirəcək.
Paytaxt təmsilçisinin bunun üçün artıq yaxşı maliyyə imkanları da var.
Bunun nəticəsidir ki, MOİK öz ölkəsinin milli komandasında çıxış etmiş futbolçularla güclənməyə çalışır. Rəhbərliyin danışıq apardığı oyunçular arasında qanalı sol vinger Tomas Aqyeponq və kamerunlu sağ vinger Erik Ayuk da var.
Hər iki futbolçunun karyerasını ölkəmizdə davam etdirmək şansı kifayət qədər yüksəkdir. Çünki hər ikisi hazırda azad agentdir və MOİK-ə keçməyə razıdır.
“Hərbçilər” isə bu transferlərlə növbəti mövsüm Premyer Liqanı hədəflədiklərini göstərmək istəyir.
2017-2019-cu illərdə Qana millisinin heyətində 7 oyun keçirmiş Tomas Aqyeponq 2015-2022-ci illərdə “Mançester Siti”nin futbolçusu olub.
Lakin o, bu müddətdə Niderland, Şotlandiya və Belçika klublarına icarəyə verilib. Son olaraq Estoniyada “Payde”nin formasını geyinmiş 29 yaşlı oyunçu yanvarın 1-dən azad agentdir.
Erik Ayuk isə Kamerunun U-20 və U-23 yığmalarının formasını geyinib, Tailand, ABŞ, Türkiyə və Misirdə legioner həyatı yaşayıb. 28 yaşlı Ayuk son olaraq Türkiyədə “Adanaspor”un şərəfini qoruyub və uzun müddətdir klubsuzdur.

