Maddi problemlərlə üzləşən I Liqa təmsilçisi "Mingəçevir"dən xəbər var.
Sportinfo.az xəbər verir ki, bu barədə prosport.az-a Mingəçevirin eyniadlı klubunun rəhbəri Rafael Bunyatov danışıb.
O bildirib ki, komanda çempionluğa oynayacaqsa, maddi dəstək verməyə davam edəcək:
"Son oyunlarda çoxlu lazımsız xallar itirdik. "Şəfa"ya, "Baku Sportinq"ə evdə uduzduq, "Şahdağ Qusar"la heç-heçə etdik.
Nəticədə lider "Şəfa" ilə aramızda xal fərqi 9-a yüksəldi. Turnir cədvəlində də 4-cü sıraya düşdük.
2 gün əvvəl baş məşqçi Ramiz Məmmədovla görüşdüm. O dedi ki, hələ çempionluq şanslarımız var.
Əslində "Şəfa", "Baku Sportinq" və "Səbail"lə hələ oyunumuz var. Həmin matçlarda qalib gəlsək, Premyer Liqaya çıxmaq şansımız olacaq.
Mən də Ramiz müəllimə demişəm ki, əgər çempion olacağıqsa, dəstək olmağa davam edim. Yox, əgər belə deyilsə, B planına keçək və xərcləri azaldaq.
Sadəcə, klubun baş meneceri Vüqar Hüseynzadənin sözlərinə görə, artıq çempionluq şanslarımız qalmayıb.
Bu 2 şəxs yekun söz bildirməlidir. Qışda 4 yeni transfer etməyimiz də mümkündür".
Maraqlıdır ki, maddi vəziyyəti pis olduğundan, kluba yeni sponsor da gələ bilərmiş: "Söz verildi. Ancaq heç bir dəstəkçi ortaya çıxmadı".
"Mingəçevir" I Liqada 21 xalla 4-cü sıradadır. Komanda fevralda XIII tur çərçivəsində Şamaxıda "Şimal"ın (Xaçmaz) qonağı olacaq.

