«Səbail»in yeni baş məşqçisi Adil Şükürov klub rəhbərliyi ilə görüşüb.
İki həftə öncə burada çalışmağa başlayan mütəxəssis qış planını masanın üzərinə qoyub.
O, düşərgədə aparmaq istədiyi islahatlar barədə məlumat verib, 10-a yaxın futbolçunun xidmətindən imtina etmək istədiyini bildirib.
Şükürov deyib ki, «təmizləmə siyasəti» getməsə, qarşısına qoyulan çempionluq məqsədinə çatmayacaq.
Eyni uğursuz nəticələrə görə oktyabrda «Kəpəz»dən uzaqlaşdırılmış məşqçi qeyd edib ki, bəzi oyunçuların «Şahdağ Qusar»la səfər (2:2) və «Şimal» isə ev matçlarında (3:4) sərgilədiyi futbol onda şübhələr yaradıb.
Odur ki, bunların da araşdırılmasının lazım olduğunu söyləyib.
Şükürova görə, I Liqa səviyyəsində kifayət qədər yaxşı maaş alan futbolçular belə zəif təsir bağışlaya bilməz, bu işin içində mütləq hansısa məqamlar gizlənir.
«Dənizçilər» qış fasiləsinə üçüncü pillədə yollanıb. 12 tura 22 xal toplamış Bayıl təmsilçisi turnir cədvəlinə liderlik edən «Şəfa»dan 8, ikinci sıradakı «Baku Sportinq»dən 3 xal geri qalır.
SPORTİNFO.AZ

