Hazırda həbsdə olan Adnan Əhmədzadənin klubunda - «Mingəçevir»də vəziyyət nəzarətdən çıxmaq üzrədir.
Bir çox futbolçu buradan ayrılmaq üçün rəhbərliyə müraciət edib.
Səbəb maliyyə öhdəliklərinin yerinə yetirilməməsidir. Belə ki, «işıqçılar» sentyabrdan - sponsorun «içəri» girməsindən bəri maaşlarını tam ala bilmir.
Redaksiyamızla əlaqə saxlayan oyunçular təkcə özlərinin deyil, məşqçilərin də əməkhaqqı almadığını açıqlayıb:
«Komandamızda elələri var ki, iki aydır pul almır. AFFA-nın verdiyi aylıq vəsait hamıya çatmır.
Hər dəfə kiməsə maaş verilir, kiməsə yox. Ramiz Məmmədov öz cibindən bizə pul verir.
Baş məşqçimiz şəxsi pulunu xərcləməsə, komanda elə bu gün dağılar. Bəzən oradan-buradan pul tapıb, hansısa problemimizi həll edir.
Ancaq belə də çox getməz… Ramiz müəllim niyə tək qalmalıdır ki?
Rəhbərlikdə olanlar kluba rəhbərlik etmir. İcraçı direktor Vüqar Məmmədov ara-sıra görünür, onda da quru-quru danışıb çıxıb gedir. Əlini cibinə salan, komandanın problemləri ilə maraqlanan yoxdur.
Təsəvvür edin ki, maaşlar paylanır, sən maaşını yarımçıq alırsan, başqası heç onu da almır. Görün, onun necə qanı qaralır.
Bu vəziyyətdə oyuna çıxmaqdan pis hiss yoxdur. Rəhbərlik bizi burada yola verir. Artıq bezmişik.
Demək olar bütün uşaqlara kənardan təklif var. Borclar tezliklə qaytarılmasa, komandada dörd-beş nəfər qalacaq».
SPORTİNFO.AZ

