I Liqada ilk dövrə arxada qalıb.
Birinci mərhələnin yekununa əsasən, «Şəfa» liderdir.
«Səbail» turnir cədvəlində ikinci, «Mingəçevir» üçüncüdür. «İşıqçılar»la eyni xalı (16) bölüşən «Zaqatala» və «Baku Sportinq» dördüncü-beşinci pillərləri bölüşdürür.
«Mingəçevir» sentyabrdan bəri ciddi problemlər yaşayır. Adnan Əhmədzadənin həbs olunmasından sonra «işıqçılar»ın işığı sönüb.
Klub üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirə bilmir. İdarə Heyətinin sədri Rafael Bünyatov komandaya çox cüzi vəsait ayırır, o da ki mükafat vermək lazım olanda.
Rəhbərlikdə yer alan digər şəxslər isə bayram şəkərburasına dönüb, ortalıqda yoxdurlar. Kollektiv tamamilə Ramiz Məmmədovun üzərində qalıb: bir çox hallarda futbolçuların maddi ehtiyaclarını baş məşqçi öz cibindən qarşılayır.
Özü və köməkçiləri 3 aydan artıqdır maaş almaya-almaya. Onlara çatacaq əməkhaqqı komandanın xərclərinin qarşılanmasına sərf olunur.
Bunu düşərgəyə ayaq basan hər kəs bilir: R.Məmmədov əlini kənara çəksə, «Mingəçsevir»də bir nəfər qalmaz.
Futbolçular bu qədər sıxıntıya, məhrumiyyətə ona görə səslərini çıxarmırlar. Baş məşqçi postunda «x» biri əyləşsəydi, burada kimsə qalmazdı.
Şübhə yoxdur ki, mövsümün qarşıdakı hissəsi kifayət qədər gərgin keçəcək.
Müxtəlif qalmaqallı hadisələrə də şahidlik edəcəyik. Hakimlik sarıdan problemlər aradan qaldırılmasa, bundan qaçmaq mümkün olmayacaq.
Bu sezon onların ən çox əziyyət verdiyi iştirakçıların başında «Mingəçevir» gəlir.
Keçən «futbol ili»ndən tam fərqli olaraq. Füzuli Məmmədov burada çalışdığı 5 ay ərzində «fit sahibləri» ilə necə «bağ» qurmuşdusa, «ədalət təmsilçiləri»nin əksəriyyəti «Mingəçevir»in xidmətində idi.
Bəzən 12-ci, bəzən də 13-14-cü oyunçu funksiyasını yerinə yetirirdilər. Komanda əsasən onların köməyi və birtərəfli qərarları hesabına turnir cədvəlinin son pilləsindən dördüncü sırasına yüksələ bilmişdi.
Təbii, klubun rəhbərliyi nə baş verdiyini görür və bilirdi. O üzdən, Füzuli Məmmədov burada saxlanılmadı, müqaviləsinə birtərəfli qaydada xitam verildi.
Məntiqli sual ortaya çıxır - əgər nəticə olan yerdə baş məşqçi ilə yollar ayrılırsa, deməli, işin içində başqa iş var və bu, yetərincə ciddi nüanslardan ibarətdir.
Füzuli Məmmədovun gedişindən sonra hakimlərin «Mingəçevir»dən üzü dönüb. Sanki bir neçə ay əvvələ kimi bu komandanın oyunlarında yüz cür hoqqa verən onlar olmayıb.
Valı 180 dərəcə dəyişiblər. Bunun əziyyətini yeni baş məşqçi və onun təpədən-dırnağa dəyişdiyi heyət çəkir.
«Şəfa» və «Baku Sportinq»lə matçlarda veriən qırmızı vərəqələri göz önünə gətirsək, Ramiz Məmmədovun təkcə rəqiblərlə deyil, eyni zamanda, «fit sahibləri» ilə mücadilə etməli olduğunu görərik.
Görünür, o, hakimlərlə hər hansı münasibətə girməyib, buna cəhd etməyib. Yaxud ondan əvvəl qurulmuş «körpü»dən keçmək istəməyib.
Hər bir halda mövcud vəziyyət «Mingəçevir»ə narahatlıq yaradır - AFFA Hakimlər Komitəsi I Liqaya aid təcili araşdırma aparmasa, hadisələr tamamilə nəzarətdən çıxacaq.
ELNUR

