“Vurulan qolları haradasa rəqibin ustalığına bağlamaq olar, amma deyərdim ki, biz səhvə yol verdik.
Buraxdığımız səhvlərdən rəqib maksimum yararlandı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Şəfa”nın futbolçusu Vüqar Həsənov “Qəbələ”yə 1:2 hesabı ilə uduzaraq Azərbaycan Kubokunda mübarizəni dayandırmalarından danışarkən deyib.
28 yaşlı müdafiəçi fərdi səhvlər ucbatından məğlub olduqlarını söyləyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin gücünü bilirdik. Premyer Liqa komandasına qarşı ağır oyun oldu.
Bacardığımızı, əlimizdən gələni etdik. Təəssüf ki, uduzduq”.
Həsənov əsas hədəfin I Liqada çempionluq olduğunu bildirib:
“Oyundan-oyuna qələbələri çoxaltmaq istəyirik. Niyyətimiz çempionluqdur.
“Səbail” və “Mingəçevir” əsas rəqiblərimizdir. Lakin gücümüzə əminik. İnanırıq ki, sonda çempionluq bizim olacaq”.

