“Xeyr, qətiyyən! Belə fikir yaransa, çempion ola bilmərik”

23:00 I Divizion 64
“Xeyr, qətiyyən! Belə fikir yaransa, çempion ola bilmərik”

Azərbaycan kubokunun 1/8 final mərhələsinin maraqlı görüşlərindən biri Qəbələdə baş tutdu.

Bölgənin eyniadlı komandası I Liqanın lideri “Şəfa” ilə qarşılaşmada 2:1 hesablı çətin qələbəyə sevindi.

Oyundan sonra ötən mövsüm “Qəbələ”nin şərəfini qorumuş, hazırda “Şəfa”nın uğurları üçün tər tökən Urfan İsmayılov Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Uduzmağınıza nə səbəb oldu? Səviyyə fərqi özünü göstərdi, yoxsa yol verdiyiniz səhvlər sözünü dedi?

- Premyer Liqa ilə I Liqa arasında həqiqətən fərq var. Hər nə qədər bunu hiss etdirməməyə çalışsaq da, fərq özünü göstərirdi. Yüksək dəstənin intensivliyi, sürəti, təzyiqi başqadır. Bunu “Qəbələ”də hiss etdik. Ümumi götürsək, pis oynamadıq. Bir az dəqiqlik çatsaydı, hesabı bərabərləşdirə bilərdik.

- Sanki oyunu penalti seriyasına daşımaq istəyirdiz.

- Dediyim kimi, arada səviyyə fərqi var idi deyə, düşünürdük ki, matçın taleyini penaltilərə qədər uzatmaqla istəyimizə çata bilərik. Çünki 11 metrlik cərimə zərbələri lotereyadır. Həm də “Qəbələ”də istər-istəməz psixoloji gərginlik yaranacaqdı. Məqsədimiz nəyin bahasına olur-olsun mərhələni adlamaq idi. Təəssüf ki, alınmadı.

- “Səbail” I Liqada 2 dəfə heç-heçə etdiyi halda, “Şəfa” xal itirmədən inamla irəliləyir. Hər ötən gün çempionluğa bir addım yaxınlaşdığınızı demək olar?

- Xeyr, qətiyyən! Belə fikir yaransa, çempion ola bilmərik. Çempionat yeni başlayıb, hələ heç nə etməmişik. Əsl mübarizə irəlidədir. Meydana çıxdığımız hər matç bizim üçün çempionluq mübarizəsidir.

- Sizi kim, yaxud nə çempionluqdan edə bilər?

- Arxayınlıq. Düşünsək ki, rahat çempion olacağıq, hədəfə çata bilməyəcəyik. O, pisliyi ancaq özümüz özümüzə edə bilərik. Başqa heç kim.

- “Səbail” xal itirəndə sevinirsiz?

- (gülür) Nə bilim, vallah. Biz xal itirsək, onlar da sevinər. Yəqin ki, biz də sevinirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti