Məlum olduğu kimi, I Liqanın 9-cu turu çərçivəsində “ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” (0:2) oyunundan sonra Bayıl klubunun İdarə Heyətinin iclası keçirilib.
Toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar araşdırılıb.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Onun istəyinə əsasən, özü və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Dənizçilər“in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a bildirib ki, yeni baş məşqçinin kimliyinə 3 gün ərzində aydınlıq gəlməlidir:
“Komanda noyabrın 30-dək istirahətə buraxılıb. Gələn həftənin birinci günü məşqlər bərpa olunacaq.
Həmin günədək yeni baş məşqçi tapmalıyıq. Birinci Liqada mübarizə apardığımızdan, nə gənclər, nə də əvəzedici komandamız var.
Olsaydı, onlardan birinin baş məşqçisinə deyərdik ki, gəl, sən məşq keç, biz hələ axtarışdayıq. Ona görə də bu məsələni təcili həll etməliyik. Namizədlər var, amma sayları çox azdır.
Bizə təcrübəli və nəticə verməyi bacaran məşqçi lazımdır. Birinci Liqa bir qədər fərqli xüsusiyyətləri olan çempionatdır. burada hər məşqçi baş çıxara bilməz.
Bu liqanı yaxşı tanıyan məşqçilərin hamısı hazırda haradasa işləyir. Açığı, seçim etmək çətindir. İstənilən halda bu vəziyyətdən çıxmalıyıq.
Məqsədimiz Premyer Liqaya qayıtmaqdır. Liderdən 5 xal geri qalsaq da, düşünürük ki, əsas mübarizə hələ qabaqdadır.
Qarşıdakı həftələrdə çox şey dəyişə bilər. Yaxşı komandamız var.
Deyərdim ki, Birinci Liqanın ən güclü heyəti “Səbail“dədir. Sadəcə, Elvin Məmmədovda alınmadı.
“Cəbrayıl“la son oyunda yarım metrdən boş qapıya qol vura bilmədik.
Bu cür komandalarla oyunlarda biz xal itirməli deyilik. Ayrılıq qərarı hər iki tərəf üçün xeyirli olar“.
“Səbail” liqada 9 turdan 18 xalla 2-ci yeri tutur. Artıq lider “Şəfa”dan 5 xal geri qalırlar.

