I Liqada çətin günlər yaşayan MOİK-də ara yenə qarışıb.
Rəhbərliklə baş məşqçi üz-üzə gəlib.
Komandanın son turda «Mingəçevir»ə 0:3 hesabıyla uduzması Vüsal Əhmədovu özündən çıxarıb. Klubun rəisi İlham Yədullayevlə görüşərək, onunla sərt danışıb.
«Hərbiçilər»in bir nömrəli idarəçisi adıçəkilən çalışdırıcını uğursuz nəticələr səbəbindən möhkəm danlayıb, ümidləri doğrultmadığını bildirib.
Deyib ki, onu bura gətirməsinə görə peşman olub, indi isə səhvini düzəltməyin vaxtının çatdığını düşünür. MOİK-lə yanaşı, U-18 yığmasında da işləyən Yədullayev rəisdən 1 oyunluq möhlət istəyib.
Doqquzuncu turda «Difai» ilə keçiriləcək matçı nişan verib. Xahiş edib ki, bu qarşılaşmadan öncə barəsində istefa qərarı çıxarılmasın.
İşdir ordu təmsilçisi «fədailər»lə görüşdə uduzarsa və ya heç-heçə eləyərsə, özü vəzifəsindən ayrılacaq - Yədullayevin bu ricası rəis tərəfindən qəbul olunub.
MOİK çempionatın səkkiz turu ərzində 5 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində «məskunlaşıb».
Kollektiv mövsümün geridə qalan hissəsində cəmi 1 qələbə qazanıb, əvəzində 5 məğlubiyyətlə üzləşib.
SPORTİNFO.AZ

