Premyer Liqada çıxış etmək istəyən klubdan tələb olundu – Bölgəyə köç

22 Aprel 14:40 I Divizion 6 952
Premyer Liqada çıxış etmək istəyən klubdan tələb olundu – Bölgəyə köç

AFFA I Liqada mübarizə aparan «Qaradağ Lökbatan»ın qarşısına yeni tələb qoyub.

Hazırda aşağı liqada liderlik mövqeyinə yiyələnmiş klub növbəti mövsüm Premyer Liqada çıxış etmək istəyirsə, təmsilçi olduğu məkanı dəyişməlidir.

Çünki Lökbatan Olimpiya Kompleksinin stadionuna baxış keçirən ekspertlər buranın elitanın standartlarına uyğun gəlmədiyinə dair raport verib.

Rəyə əsasən, qəsəbədə yerləşən arenada çatışmazlıqlar çoxdur və onların aradan qaldırılması böyük maliyyə tələb eləyəcək, üstəlik, uzun zaman alacaq.

AFFA «Qaradağ»a bölgələrdən birinə köçməyi təklif edib. Qurum bu şərti qəbul olunarsa, liseneziya almaq şanslarının kifayət qədər artacağı barədə qarşı tərəfi məlumatlandırıb.

«Qaradağ» bundan öncə Premyer Liqa yolunda konkret addım atıb. 22 turdan sonra turnir cədvəlinə başçılıq edən qəsəbə təmsilçisi «Neftçi» İdman Klubunun balansından çıxıb.

Klub müstəqil fəaliyyət göstərmək üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və öz nizamnaməsini təsdiqlədib. Bu da o deməkdir ki, «Qaradağ»ın artıq SOCAR-a heç bir bağlılığı olmayacaq.

Azər Həşimovun çalışdırdığı kollektiv 48 xala malikdir. Bu göstərici ilə ən yaxın rəqibləri olan «İmişli»ni 5 xal qabaqlayırlar.

«Qaradağ Lökbatan» 15 ildən artıqdır aşağı dəstədə çıxış edir. Bu müddətdə 2 dəfə çempion adını qazanıblar, dəfələrlə müxtəlif əyarlı medallara yiyələniblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti