"Elə komanda yoxdur ki, "Qarabağ"la oyunda heç-heçəni itki saysın"

27 Oktyabr 2020 15:04 Zirə 488
"Elə komanda yoxdur ki, "Qarabağ"la oyunda heç-heçəni itki saysın"

Sportinfo.az "Zirə"nin əslən Qubadlıdan olan futbolçusu Tural Bayramlının müsahibəsini təqdim edir:-

Qubadlı şəhəri Şanlı Ordumuz tərəfindən artıq işğaldan azad olunub. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Mən Qubadlının Mahmudlu kəndindənəm. Ora hələ işğal altındadır. Amma şəhərin azad olunduğunu eşidəndə həqiqətən çox sevindim. Doğma kəndimə getməyi çox istəyirəm. Allah məni arzuma çatdırsın. Tək Qubadlının yox, bütün Qarabağın geri qaytarılmasını arzulayıram.

- Bu xəbəri ailə üzvləriniz necə qarşıladı?

- Təbii ki, onlar da çox sevindilər. Allah ön cəbhədə döyüşən bütüb qardaşlarımızı qorusun. Onlar həqiqətən qəhrəmandırlar. Hər biri ilə fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

- Sizi ən birinci kim təbrik etdi?

- İlk olaraq, əmim zəng vurub təbriklərini çatdırdı.

- Özünüz Qubadlını görməmisiniz. Maraqlıdır, valideynləriniz, yaxın qohumlarınız doğma şəhəriniz, kəndiniz haqqında nələr danışıb?

- Atamla əmim söhbət edəndə Qubadlı barəsində çox şey eşitmişəm. Özləri də mənə xeyli məlumat veriblər. Oranın çox gözəl yer olduğunu deyiblər.

- "Zirə" Azərbaycan Premyer Liqasının VII turunda evdə "Qarabağ"la qolsuz heç-heçə etdi. Oyunla bağlı nə deyə bilərsiniz?

- "Qarabağ"a qarşı bütün oyunlar tam başqadır. Bu, elə bir rəqibdir ki, orta sahələri çox güclüdür. İstər Qara Qarayev, istər Uroş Matiç olsun, istərsə də digərləri, hamısı təcrübəli futbolçulardır. Baş məşqçimiz bizə deyir ki, səhv etməkdən çəkinməyin, mən arxanızdayam. Düzgün fikirləşin, dediklərimi yerinə yetirin, səhvlər isə futbolun bir parçasıdır. Həmişə çalışıram ki, top məndə olanda qabağa oynayım, hücüma dəstək verim. Bəzən istədiklərim alınmaya bilər. Hər oyundan sonra özüm da analiz edirəm. Bir sözlə, daha da inkişaf etmək istəyirəm və bu mənada "Zirə"də çıxış etməyim mənim üçün çox xeyirlidir.

- Sizcə, "Qarabağ"la oyunda 2 xalı hansı komanda itirdi?

- Məncə, çempionatda elə bir komanda yoxdur ki, "Qarabağ"la oyunda heç-heçəni itki saysın. Təki, "Zirə" elə səviyyəyə çatsın ki, dedikləriniz aktual olsun. Oyundan-oyuna artırırıq və bizim üçün bu gün uzaqda deyil.

- 22 yaşınız olsa da, artıq bir dəfə legioner həyatı yaşamısınız. Latviyada "Dauqavpils" komandasının formasını geyinmisiniz. Yenidən ölkə xaricinə yollanmaq istəyərdinizmi və ümumiyyətlə, belə bir perspektiv görürsünüzmü?

- 19 yaşımda özümü sübüt etmək üçün ölkəni tərk etdimsə, bundan sonra da legioner olmaq mənim üçün problem deyil. Atam da, menecerim da hər zaman istəyirlər ki, xaricə üz tutum. Düzü, yayda elə bir şans var idi. Sadəcə, araya pandemiya girdi, Şengen zonası bizim üçün bağlandı. Pandemiya olmasaydı, yenə ölkə xaricinə gedərdim. Yayda bu məsələyə qayıtmaq olar. İndi isə bütün fikrim "Zirə"dədir.

- "Zirə" ilk dövrəni 11 xalla 3-cü pillədə başa vurdu. Çıxışınızı necə qiymətləndirərdiniz?

- Yayda komandanın heyəti demək olar ki, tam dəyişdi. Bir az vaxta ehtiyacımız var. Birinci dövrədəki nəticəni yaxşı və ya pis saymaq məşqçilərin işidir. İnanmaq istərdim ki, ikinci dövrədə daha çox xal yığacağıq. Baş məşqçi bizi hər matçda ancaq baxımlı oyuna və qələbəyə səsləyir.

- Növbəti turda "Zirə"ni "Səbail"lə qarşılaşma gözləyir. Bu oyun barədə nə düşünürsünüz?

- Bu, bəlkə də son illərin ən çətin mövsümüdür. Kimin harada xal itirəcəyini bilmək olmur. Bu arada, mənə doğma olan "Sumqayıt"ın liderliyi də çoxları üçün sürprizdir. Düzdür, ilk dövərədə "Səbail"i udmuşuq. Amma bu, heç də asan başa gəlmədi. Rəqib hər tur daha inamlı təsir bağışlayır. Məşqçilərimiz hər bir komandanı tam analiz edir və bu həftə da belə olacaq. İstənilən rəqibə qarşı oyunda meydana 3 xal üçün çıxırıq (report).

Digər Xəbərlər
Xəbər Lenti