Rəşad Sadıqov: "O, səhv etməkdən qorxmadı"

14 Sentyabr 2020 11:34 Zirə 755
Rəşad Sadıqov: "O, səhv etməkdən qorxmadı"

"Hər bir məşqçinin öz yanaşma prinsipləri var".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqova məxsusdur.

Uzun iillər millinin kapitanı olmuş gənc mütəxəssis Canni De Byazinin ölkənin bir nömrəli komandasındakı fəaliyyətinə münasibət bildirib:

"Elə mütəxəssis var ki, gəlir klubdakı məşqçilərlə nəyisə müzakirə edir, danışır. Eləsi də ola bilər ki, gəlib, danışmasın. Və ya hansısa klubun məşqçisi ilə danışsın, o biri ilə danışmasın.

Hərənin bir yanaşması var. Bunlar sırf onların öz qərarlarıdır. De Byazi bizim məşqimizi izlədi. Ayaqüstü də olsa, müzakirə etdik, komanda haqda danışdıq.

O ki qaldı millinin nəticələrinə, ilk oyundan sonra həm komanda, həm də kapitanı böyük zərbə aldı. İkinci oyunda isə həm komanda, həm də kapitan bu sınaqdan başıuca çıxdı.

Çox ağır məğlubiyyətdən sonra səfərdə çox çətin qələbə qazandılar. Həm də oyun planında xüsusilə ilk hissədə hər şey çox yaxşı alınırdı. Sonra futbolçular həyəcanlanırdılar, hesabı qorumağa çalışırdılar.

Amma yenə də rəqibə qol imkanı vermədən çox vacib 3 xal qazandılar. Maksimə gəldikdə isə kapitan kimi ilk sınağı idi və o sınaqdan, qeyd etdiyim kimi, başıuca çıxdı.

Söhbət qoldan getmir. Komandanı öz arxasıyca daşıyırdı, soyuqqanlı qalmağa çalışırdı, səhv etməkdən qorxmurdu. Bunlar çox vacib idi. Ümumiyyətlə, bu 2 qarşılaşmanı pozitiv dəyərləndirirəm.

Baş məşqçinin ilk matçlarıdır. Birinci oyunlar çox çətin olur. Yeni qoşulub, yava-yavaş komandanı daha yaxşı tanıyacaq və futbolçulara uyğunlaşacaq.

Kipr üzərində qələbə çox vacib idi. Qarşıda çətin oyunlar var. Mən bizim yığmamıza güvənirəm. İnanıram ki, uğurlu çıxışları ilə bizi sevindirəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti