Bunu Rəşad Sadıqova niyə deməyiblər? - FOTO-FAKT

7 Sentyabr 2020 16:00 Zirə 1 666
Bunu Rəşad Sadıqova niyə deməyiblər? - FOTO-FAKT

Milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilədən istifadə edən “Zirə” sentyabrın 5-də yoxlama oyunu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Qəbələ” ilə qarşılaşıb.

Zirə İdman Kompleksində keçirilən qarşılaşmada "Zirə" 3:1 hesabı ilə qalib gəlib. Ev sahiblərindən Şəhriyar Rəhimov (28), Ağabala Ramazanov (75) və Rangel da Silva (79-pen) fərqlənibsə, qonaqların yeganə qoluna Roman Hüseynov (38) imza atıb.

Bu, yoxlama görüşü olsa da, Peşəkar Futbol Liqasının koronavirus pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alaraq tətbiq etdiyi Əsasnaməyə əlavələrə ciddi diqqət yetirilməyib. Halbuki qərar avqustun 15-də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təsdiq olunub.

Texniki zona qaydaları ilə bağlı təlimatlarda qeyd olunub ki, texniki zonada yer alan şəxslərin sayında dəyişiklik yoxdur: 7 rəsmi şəxs, 12 oyunçu. Yeniliyə əsasən, komandalar üçün nəzərdə tutulan əlavə yerlərin sayı ehtiyac olduğu qədər artırılır.

Həm texniki zonada, həm də əlavə yerlərdə oturan şəxslər ölkəmizdə ictimai nəqliyyat, metroda tətbiq olunan 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etməlidirlər, bununla bağlı oturacaqlar üzərində bildirişlər vurulmalıdır.

Bu cür oturacaqlar komandanın texniki zonasından künc bayrağı istiqamətində düzülməlidir. Sosial məsafənin cərgələr üzrə qoruna bildiyi stadionlarda (misal üçün Tofiq Bəhramov adına Respublika Stadionu) oturacaqların iki cərgədə düzülməsinə icazə verilir.

Bundan əlavə, əgər tribunalardan meydançaya birbaşa giriş varsa, o zaman oyunçular tribunalardan da istifadə edə bilərlər. Maskadan istifadə və sosial məsafəni qorumaq mütləqdir.

Həm texniki zonada, həm də oyunun gedişində hər kəsə ancaq özünə məxsus su qabından istifadə etmələri tövsiyə olunur. Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunlarında penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir.

Əvəzetmələr zamanı dəstək salamlaşmasından çəkinmək lazımdır. Təqdim etdiyimiz fotodan isə görünür ki, "Zirə"nin ehzttyat oyunçular skamyasında sosial məsafə qaydalarına riayət olunmayıb.

Futbolçular, məşqçilər və texniki personala aid şəxslər sıx şəkildə əyləşiblər. Maska taxmaq isə təəssüf ki, kiminsə yadına düşməyib. Ya da bunu onların yadınqa salan olmayıb.

İstənilən halda bu, ciddi nöqsandır və inanırıq ki, oyun zamanı bütün fikri meydanda olan Rəşad Sadıqov mövcud səhvi düzəldəcək. Ola bilsin ki, klub rəsmiləri səhlənkarlığa yol verərək, onu və köməkçilərini PFL-in son təlimatlarıyla tanış etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti