"Klub tapmasa, yenidən danışıqlar masasına əyləşə bilərik"

7 Yanvar 2020 22:00 Zirə 1 567
"Klub tapmasa, yenidən danışıqlar masasına əyləşə bilərik"

"Yollarımızı ayırmaq istədiyimiz futbolçularla bağlı məsələ necə var elə də qalıb. Danışıqlarımız olub, demişik ki, özlərinə klub tapsınlar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib. Əvəzedici heyətə göndərilən futbolçular - Elvin Məmmədov, Bəxtiyar Həsənalızadə, Soni Norde və Anastasios Papazoqlu haqda danışan gənc mütəxəssis onlardan yalnız birinin komandada qalmaq ehtimalının olduğunu söyləyib:

"Yəqin, klub tapa bilmirlər. Belə olsa, əvəzedici heyətdə oynayacaqlar. Onları göndərmək istəyimizin səbəblərindən biri də odur ki, komandaya yeni nəfəs, daha çox xeyir verə biləcək futbolçular gətirək. Bəxtiyarla danışmışıq, əvəzedici heyətdədir. İlk istəyimiz özünə komanda tapmasıdır. Ancaq alınmasa, gələcəkdə onunla danışıqlar masasına əyləşə bilərik. Amma yaxşı olar ki, tapsın. Çünki az oynaması onun üçün yaxşı olmayacaq".

Yeni transferlər istəyən Həşimov ən çox müdafiə xəttini gücləndirmək arzusundadır: "İki transfer etmişik. Bundan sonra vəziyyətə görə oyunçu alacağıq. Seçdiyimiz futbolçunun istəklərindən də çox şey asılı olacaq. Ən çox müdafiə xəttinin gücləndirilməsini istərdim. Hazırkı futbolçularımız məni qane edir. Sadəcə, əvəzləyici oyunçular da olmalıdır. Dəfələrlə demişəm ki, sağ müdafiəçimiz yalnız Tellurdur. Müdafiənin solunda da seçimimiz yoxdur. Mərkəz müdafiəçisi almağı da planlaşdırırıq. Əlimizdə yalnız Skarlatake ilə Bakraç qalıb. Bu isə bir komanda üçün azdır".

Digər Xəbərlər
Xəbər Lenti