Bir menecerə qurban verilən "Zirə"

2 Dekabr 2019 17:10 Zirə 960
Bir menecerə qurban verilən "Zirə"

"Zirə" Samir Abasovla yolları ayırmaqla, qazanmadı. Hər halda ondan sonra da ağ günə çıxmayıblar. Bu dəyişiklik nəticələrə müsbət təsir göstərməyib, komanda daha üzüaşağı gedib.

Yağışdan çıxıb, yağmura düşüblər. "Zirə"yə sözün bütün mənalarında baş məşqçi lazımdır. Zaur Həşimovun xilaskar olmadığı dəqiqdir. Qəbələ səfəri bu faktı bir daha təsdiqlədi. Demə, Həşimov ayrılıb gəldiyi "Qəbələ"ni yaxşı tanımırmış. Əksinə, "Qəbələ" keçmiş məşqçisini onun özündən yaxşı tanıyırmış.

"Zirə"nin bundan öncəki tur "Keşlə"ni udması tam təsadüfmüş. Rəqibin meydana rahat çıxdığı və zəif oynadığı üçün "Zirə"nin 3 xal qazandığı fikri ilə razılaşmaq gərəkdir. Bu heyəti Samir Abasov yığıb. Transferləri də özü edib.

Ümumiyyətlə, həmin dönəmdə bütün səlahiyyətlər onda olub. Nə istəyib, yerinə yetiriblər, büdcəni artırıblar, bir kəlməsi iki olmayıb. Abasovun futbolçu seçimində cddi yanlışlara yol verməsi hər ötən tur özünü daha qabarıq formada göstərir.

Məsələn, Cavid Hüseynov. Kapitan sarğısını ona veriblər. İli 200 min manata başa gəlir az qala. Oynadığı futbol isə 200 manata dəyər-dəyməz - bunun özü şübhəlidir. Demək olar hər həftə meydana çıxır və ən çox səhv edən futbolçuların başında gəlir. Nə qaçır, nə qovur. Ötürmələrinin əksəri "brak"dır, məsuliyyəti öz üzərinə götürmür. Ancaq danışır, göstəriş verir, başqa iş görmür. Kapitanın meydanda ayağını sürüdüyünü, səhvin dalınca səhvə yol verməsini görən komanda yoldaşları, əlbəttə ki, onu dinləməyəcək, qulaq asmayacaq, yola verəcək, yenə öz bildiyini edəcək.

Samir Abasov Cavid Hüseynovu "Qəbələ"dən gətirməklə, guya ki, "Zirə"də lider problemini çözmək istəyirdi. Qaş düzəldən yerdə, vurub göz çıxarıb.

Özünün bəyəndiyi futbolçular Samir Abasovu bəyənmədi, "Zirə" mövsümə uğursuz başladı. Onlar baş məşqçinin məşqlərindən razı, xasiyyətindən, özünü yuxarıdan aparmasından narazı idi. Zaur Həşimov isə istər məşqləri, istərsə də davranışı ilə kollektivin gözündən tez düşüb.

İşə başladığı qısa müddətdir, artıq sevilmir. Ondan narazılıq gündən-günə artır və bu, bir gün partlayacaq. Bu dəmdə rəhbərliyin 2 çıxış yolu qalır - ya futbolçuları baş məşqçiyə qurban verməlidilər, ya da Həşimovu daha təcrübəli, heç olmasa, Samir Abasovun səhvlərini aradan qaldıra biləcək məşqçi ilə əvəzləməlidirlər.

Orxan Məmmədov "Zirə" üçün çox iş görür, diqqət ayırır. Hazırkı çempionatda 1 xala görə mükafat təyin edən başqa klub rəhbəri tanımırıq, amma o, bunu da edir. Çi fayda!

Samir Abasov özünə yaxın menecerə pul yedizdirmək üçün "Zirə"ni vasitə elədi, tanıyıb bilmədən kimi gəldi götürdü komandaya, indi özü yoxdur, əziyyətini Orxan Məmmədov çəkir amma.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"