Rəqib tanımayan "Zirə"nin çalışdırıcısı nədən NARAHATDI?

10 Mart 2022 21:00 Zirə 1 083
Rəqib tanımayan "Zirə"nin çalışdırıcısı nədən NARAHATDI?

Qış fasiləsindən sonra "Zirə"ni durduran hələki yoxdur.

Komanda meydana çıxdığı 6 qarşılaşmanın hamısında qələbə qazanmağı bacarıb: 12 qol vuran qəsəbə klubu öz qapısından yalnız 1 qol buraxıb.

Rəşad Sadıqovun yetirmələri ölkə kubokunda yarımfinala yüksəlibsə, Premyer Liqada liderin ən yaxın izləyicisidir. Bir sözlə, bu ana kimi hər şey komanda üçün ideala yaxın gedir.

Amma gənc mütəxəssisi narahat edən səbəblər də yox deyil. Söhbət zədəli futbolçular - Filipe Paxtman və Nemanya Andelkoviçdən gedir.

Ötən ilin oktyabrından zədəli olan braziliyalı hələ də məşqlərə başlamayıb. Onun ən azı iki ay da komandadan uzaq qalacağı gözlənilir.

Nemanya Andelkoviçlə bağlı vəziyyət isə fərqlidir. Müdafiəçi daha tez komandaya qoşula biləcək. Hazırda məşqçi nəzarətində fərdi məşqlər edən futbolçu 3-4 həftəyə komandaya qoşula biləcək.

2 turdan sonra milli komandanın yoxlama görüşlərinə görə yaranacaq fasilə ən çox Nemanya üçün yaramış olacaq. Məhz həmin fasilədən sonra 26 yaşlı futbolçunu meydanda görə bilərik.

Sadıqovun 21 yaşlı forvardın yoxluğuna alışdığını hardasa düşünmək olar. Amma Nemanya haqqından eyni sözləri demək olmaz.

Düzdür, komanda onun yoxluğunda da etibarlı müdafiəsi ilə seçilir. Ancaq nəzərə alaq ki, qarşıdan daha ağır matçlar gəlir. Deməli, serbiyalının qayıtması baş məşqçini sevindirməyə bilməz.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti