“Açığı, mən qardaşımın karyerasını bitirməsi üçün ciddi səbəb görmürəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin müdafiəçisi Ruslan Abuşovun qardaşı və meneceri Sərxan Abuşov deyib.
Millinin 34 yaşlı sabiq üzvünün yaxın gələcəklə bağlı planlarından danışan S.Abuşov bildirib ki, bütün suallara mövsümün sonunda aydınlıq gələcək.
Sitat: “Zirə” Antalyada təlim-məşq toplanışı keçən vaxt mən də orada idim. Hər şeyə nöqtə-vergülünə kimi fikir verirdim.
Ruslan gənc futbolçularln heç birindən geri qalmırdı. Hətta çoxunundan daha üstün məşq edirdi.
Onda bu həvəs varsa, fiziki göstəriciləri 25 yaşındakı kimidirsə, niyə karyerasını belə tez bitirsin? Axşam 11 olmamış yatır, səhər 6-da yuxudan oyanır, özünü məşqə hazırlayır.
Ruslanda futbol oynamaq istəyi tükənməyib. Şəxsi fikrimdir ki, bundan sonra bir-iki mövsüm də rahat oynaya bilər.
Burada bir nüans var: onun elə bir baş məşqçisi var ki, mütləq şəkildə məsləhətləşəcək.
Rəşad Sadıqov Ruslanı Azərbaycan futboluna qazandıran iki şəxsdən biridir. Qurban Qurbanov və o, qardaşımı “Neftçi”yə gətirib.
Ruslanın karyerasının həlledici mərhələsidir. Rəşad müəllimin verəcəyi məsləhət, yüzdəyüz əminəm ki, Ruslanın gələcəyi üçün xeyirli olacaq.
Bu məsələlərə mövsümün sonunda baxılacaq, indi onun yeri deyil. Komandanın həm çemionatda, həm də kubokda çox vacib oyunları var.
Hələ Ruslanın karyerası barədə heç kim nəsə danışmır, heç nə fikirləşmir. Yayda Rəşad müəllimlə oturub danışar, ondan sonra mən də bir qardaşı kimi evdə məsləhətləşərik, görək nə olur”.

