Altı oyun, altı qələbə. 2022-ci ilin ayağı «Zirə»yə düşərlidir.
Nəinki xal itiriblər, heç qol da buraxmayıblar. Quru hesablı qələbələri sıralayan “Zirə”dən başqa bütün komandalar həm xal itirib, həm qol buraxıb.
Bu, çalışma və əmək işidir. Baş məşqçi çalışması və işi.
Rəşad Sadıqov futbolçularının potensialını hamıdan yaxşı bilir. Bəs necə, bu ansamblı özü yığıb.
Və o, ansamblındakıların potensial həddini bilərək, bəlli bir qəlib yaradıb, bu dairədən kənara çıxmalarına imkan və icazə vermir.
Sistemin adı və mənası budur: rəqibdən asılı olmayaraq özünü meydanda fəda etmək. Təbii ki, bir çərçivədə.
Kompakt oyun, bir nəfərin hamı, hamının bir nəfər üçün çarpışması «Zirə»nin medal yarışmasında öugünə kimi duruş gətirməsinin əsas səbəbidir.
Hərə öz bildiyini etsə, gündə bir xəlifə peyda olur burada. O isə görmək istədiklərini komandadan tələb edir; topa yiyələn, vaxtında hücuma atıl, vaxtında geri çəkil, zonaları boşaltma, rəqibə yapış.
Bir kəlmə ilə desək, müasir futbolun tələblərinə riayət et.
Sistem əksər hallarda nəticənin təminatı və sığortasıdır. «Sumqayıt» önündə yaxşı təsir bağışlamadılar, bir çox futbolçuları müxtəlif komponentlərdə zəif göründü, amma ki, 3 xal qazandılar.
Hücumçularının günündə olmadığını görən Rəşad Sadıqov ikinci hissənin son 20-25 dəqiqəsində müdafiəni bir qədər bərkitməklə, həm drijorluq, həm oyunu «oxumaq» keyfiyyətini gözlər önünə sərdi, həm də «sudan quru çıxdı».
KAMİL

