Fərqli əhval, yeni əcnəbi-yerli dueli bizə nə vəd edir?

5 Mart 2022 13:00 Zirə 886
Fərqli əhval, yeni əcnəbi-yerli dueli bizə nə vəd edir?

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək. Açılış oyunu Zirədə olacaq. Burada eyniadlı komanda "Sumqayıt"ı qəbul edəcək.

FƏRQLİ ƏHVAL-RUHİYYƏ

Komandalar meydana fərqli ruhda çıxacaqlar. Rəşad Sadıqovun komandası yeni ildə məğlubiyyət üzü görməyib. Paytaxt təmsilçisi meydana çıxdığı 5 matçda da qələbə qazanmağı bacarıb. Burad ölkə kubokundakı "Səbail"lə qarşılaşmalar da daxildi. Premyer Liqadakı 3 qələbədə isə "Zirə" həm də qol buraxmamaqla yadda qalıb.

Qonaqların vəziyyəti tam əks istiqamət üzrə "inkişaf" edir. Aleksey Baqanın yetirmələri yeni ildən qələbə üzünə həsrətdir. Kubokda "Qəbələ"yə boyun əyən "kimyaçılar" Premyer Liqadakı 2 matçda isə yalnız "Səbail"lə bərabərə qalmağı bacarıblar. 4 matçda 2 qol vuran komanda öz qapısından 7 top buraxıb.

"ZİRƏ"Nİ QƏLƏBƏYƏ APARAN YOL

Komandalardan birinin məğlub, digərinin qalib ruhda olmasını qeyd edələdik. Meydan sahiblərinin üstünlüyü bununla da bitmir. "Sumqayıt"a Rəşad Sadıqovun sevimli komandası da deyə bilərik. Belə ki, gənc mütəxəssis bu rəqibə qarşı oynadığı 6 matçda cəmi bir dəfə uduzub. O da 2020-ci ilin noyabrı. Sonrakı 5 qarşılaşmada onun komandası 2 qələbə qazanıb, 3 görüşdə isə bərabərlik qeydə alınıb. Ümumiyyətlə, "Zirə" - "Sumqayıt" duelləri daha çox heç-heçə bitməsi ilə yadda qalıb. Tərəflər arasındakı son 10 görüşdən tən yarısı - 5-i sülhlə başa çatıb.

ƏCNƏBİ-YERLİ DUELİ

Qarşılaşma həm də əcnəbi-yerli qarşıdurması kimi də maraq kəsb edir. Qonaqların əcnəbi çalışdırıcısı Aleksey Baqa ilk dəfə Sadıqovla məşqçi kimi üz-üzə gələcək. Premyer Liqanın digər əcnəbisi Murad Musayevlə duellərdən üzüağ çıxan yerli mütəxəssisin bu gün necə yadda qalacağı da az diqqət çəkməyəcək.

Düzdü, hazırkı məqamda hər şey "Zirə"nin qələbəsinə doğru aparır. Amma Aleksey Baqanın da qələbə üçün hər şeyə əl atacağı, futbolçularından son nəfəsə kimi döyüşmək tələb edəcəyi sirr deyil. Bunun uğur üçün yetərli olub-olmayacağını isə qarşıdakı 90 dəqiqə göstərəcək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti