2021-2022 futbol mövsümün ikinci yarısı öz axarında davam edir.
Qış fasiləsindən sonra daha uğurlu çıxış edən iki komanda var - "Qarabağ" və "Zirə"
Paytaxt klubu da "Qarabağ" kimi daxili yarışlarda meydana çıxdığı hər üç matçda qələbə qazanmağı bacarıb.
Amma eyni şeyi komandanın bombardiri olan David Volkov barəsində demək olmaz. Klubundan fərqli olaraq forvardın işləri qaydasında getmir.
Mövsümün ilk yarısında 10 qol vuran, komandasını bir çox oyunlarda arxasınca aparan hücumçu qışdan sonra heç də özünə bənzəmir.
Belə ki, o, meydana çıxdığı 3 qarşılaşmada nəinki qol vura bilməyib, hətta adında 1 asist belə yoxdur. Ümumiyyətlə, gürcüstanlı futbolçunun arxada qalan dövrdə belə uğursuz statistikası olmayıb.
Maraqlısı ondadır ki, kubokun "Səbail"lə cavab görüşündə baş məşqçi Rəşad Sadıqov bir neçə əsas heyət üzvünə istirahət şansı versə də, gürcüstanlı legioneri 90 dəqiqə meydanda saxlamışdı.
Nəzərə alaq ki, Bayıl təmsilçisi ilə matç o qədər də əhəmiyyət kəsb etmirdi. Ot örtüyünün halını da nəzərə alsaq, gənc mütəxəssisin bu riskini ondan qol gözləmək ümidinə bağlamaq olar.
Hər halda Sadıqov da gözəl bilir ki, qarşıdakı vacib görüşlər öncəsi Davidin fərqlənməsi yerinə düşərdi. Ki, komandanın vacib fiqurlarındandır.
Susqunluğun səbəblərini futbolçunun özündən öyrənmək istəsək də, niyyətimiz baş tutmadı. Növbəti tur "Sabah"la baş tutacaq ağır görüşə isə cəmi 2 gün qalır. Matça bombardirin susqunluğa son qoyması üçün növbəti şansı da deyə bilərik.
XANOĞLAN İMANOV

