«Zirə» bundan sonra iki, hətta ola bilsin, üç transfer edəcək.
«Pəncərə»nin bağlanmasına sayılı günlər qalıb və Rəşad Sadıqov hələ də axtarışdadır.
Müdafiə və yarımmüdafiə - baş məşqçini ən çox bu mövqelər qayğılandırır. Nemanya Andelkoviçsiz arxa xətt o qədər də inamlı görünmür.
Düzdür, komanda son bir həftədə keçirdiyi iki rəsmi oyunda qapısını toxunulmaz saxlaya bilib, lakin bu, nə Rəşad Sadıqovu arxayın salır, nə də köməkçilərini.
Hər iki xətdə problemlər var və tədricən ortaya ümumi sistem qoymaq istəyən baş məşqçi üçün bu, narahatedici məqamdır.
«Zirə» hələ iddialı komandalarla üz-üzə gəlməyib, məsələn, «Neftçi» və «Sabah»la qarşılaşmalar qabaqdadır.
Ovaxtadək həmin bu boşluqları aradan qaldırmaq lazımdır, daha bəzilərinin iddia etdiyi kimi, komandanın «ora-burasını» düzəltmək yox.
Rəşad Sadıqov, onsuz da, komandanı düz bildiyi yolla aparır. Bu, nəticəyə oynamaq yoludur. Düz də edir.
Görür ki, futbolçuları bir «qəlib»ə salmasa, dərəbəylik olacaq, karvansaraya dönəcək.
Təhlükəni hiss edən Rəşad Sadıqov yaxşı başa düşür ki, hələlik rəqibləri nəzərə alaraq, fərqli-fərqli oyun modeli tətbiq etməlidir.
Vahid sistem birdən-birə yaranmır. İki-üç nəfərin gedişi, bir o qədərinin gəlişi ilə bu, düzəlmir. Bu, eyni zamanda büdcədən asılı olan və zamana bağlı çalışmadır.
«Zirə»nin pul kisəsi bir qədər dolu olsaydı, Rəşad Sadıqov beynindəki sistemi həyata keçirməyə daha erkən başlayardı və transfer bazarlığını «pəncərə»nin bağlanacağı son günlərə saxlamazdı.
Xəzər Hikmət

