Rəşad Sadıqovun çalışdırdığı "Zirə" bu mövsüm etibarlı müdafiəsi ilə seçilir. Əbəs deyil ki, arxada qalan 14 turda komanda "Qarabağ" və "Qəbələ"dən sonra ən az top buraxan kollektivdir. Rəqiblər "qartallar"ın qapı torunu 16 dəfə silkələməyi bacarıb.
Təbii ki, arxada qalan iki dövrədə uğurlu müdafiədə serbiyalı Nemanya Andelkoviçin rolu böyük idi. Komandanın ən stabil oyunçularından biri sayılan mərkəz müdafiəçisi 13-cü turun "Qəbələ" ilə matçında aldığı ağır zədə səbəbindən 28-ci dəqiqədə yerini Cəlal Hüseynova verməli olmuşdu.
"Zirə"nin buraxdığı 16 qoldan 6-sını məhz o meydanda olmadığı oyunlarda vurmağı bacarıb.
Sirr deyil ki, qış fasiləsində Rəşad Sadıqovun transfer axtarışları ilk növbədə bu mövqe üzrə aparılırdı. Amma hələ də axtarışlardan bir nəticə yoxdur. Deməli, gənc mütəxəssis istəyinə çatmaq üçün istədiyi futbolçunu tapmaqda çətinlik çəkir.
Axtarışlar davam etdiyi vaxtda ehtiyat variantlardan biri də Ruslan Abışovun əvvəlki formasını bərpa etməsinə çalışmaqdır. Ki, Sadıqov da buna çalışır.
Mövsümün əvvəli heyətə cəlb olunan təcrübəli oyunçu arxada qalan müddətdə yalnız meydandan kənarda "ağsaqqal" rolunu icra edə bildi.
İndi isə o, meydanda Rəşad Sadıqova lazımdır. 14 turda cəmi 9 dəqiqə oynamaq imkanı alan 34 yaşlı mərkəz müdafiəçisi Antalyadakı yoxlama görüşlərinin hamısında meydanda olmaq şansı əldə etdi.
Bu şansı həm də Sadıqovun Ruslan Abışova unvanladığı "hazır ol" mesajı kimi də qəbul edə bilərik. Çünki hazırda faktiki komandada cəmi 3 mərkəz müdafiəçisi qalıb - Dmitrios Çantakias, Cəlal Hüseynov və Ruslan Abışov.
Cəlal Hüseynov həm çox gəncdi, həm də hər an cəza və zədə ilə üzləşə bilər. İkinci hal yunanıstanlı Çantakiasın da başına gələ bilər. Deməli, Ruslanın oynamaq şansı kifayət qədər yüksəkdir. İndi qalır onun gənc məşqçisinin "hazır ol" çağırışına özünü necə hazırlaması.
XANOĞLAN İMANOV

