"Özümə qarşı qəzəbliyəm, o, mənə sübut etdi ki…"

16 Noyabr 2021 14:20 Zirə 528
"Özümə qarşı qəzəbliyəm, o, mənə sübut etdi ki…"

“Zirə”nin hücumçusu Davit Volkov Gürcüstan millisində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, o, Özbəkistana qarşı keçirilən yoxlama görüşünün iştirakçısı olub.

26 yaşlı futbolçu Qoridə keçirilən görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. Yığmada 2-ci oyununu keçirən forvard 41-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Bununla da o, ölkəsinin millisində qol hesabını açıb. Gürcüstan bu görüşdən elə Volkovun vurduğu qol sayəsində 1:0 hesablı qələbə ilə ayrılıb.

Daviti ilk dəfə komandaya dəvət edən və ona debüt şansı yaradan baş məşqçi Villi Sanyol onun ünvanına tərif yağdırmağı da unutmayıb.

Fransalı mütəxəssis yerli mətbuata açıqlamasında hücumçunun yığmaya asanlıqla uyğunlaşmasından məmnunluq ifadə edib:

“Milliyə ilk dəfə 26 yaşında çağırılmasına rəğmən, asanlıqla adaptasiya keçən oyunçunu nadir hallarda görmüşəm. Mən təkcə onun oyunundan danışmıram, həm də komanda ilə necə yaşadığını da nəzərdə tuturam.

Mən bütün bunlardan razı olmaqla yanaşı, özümə qarşı qəzəbliyəm. Çünki Volkov mənə sübut etdi ki , ona əvvəlki oyunlarda da şans verməli idim”.

Volkov Gürcüstan millisində debütünü İsveçə 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyununda gerçəkləşdirib. O, meydana 70-ci dəqiqədə çıxıb.

Gürcü hücumçu “Zirə”nin heyətində vurduğu 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!