"Belə oyunların sayı çox olsa, futbolumuz inkişaf edər" - Rəşad Sadıqov

16 Oktyabr 20:50 Zirə 621
"Belə oyunların sayı çox olsa, futbolumuz inkişaf edər" - Rəşad Sadıqov

“Maraqlı oyunun şahidi olduq. Çempionatımızda belə matçların sayı nə qədər çox olsa, futbolumuz, futbolçularımız bir o qədər inkişaf edər. Dinamik, sürətli mübarizə izlədik. Üstünlük daim bir tərəfdən o biri tərəfə dəyişirdi”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın VII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis baxımlı oyun alındığını bildirib: “Matça üstün başladıq, qoldan başqa imkanlarımız da oldu, yararlana bilmədik. Daha sonra “Qəbələ” oyunun gedişatını nəzarətə götürdü. İkinci hissəyə də fəal başladıq. Bu qaydada ərazi üstünlüyü tez-tez dəyişirdi. “Qəbələ” çempionatın ən yaxşı formada olan 2-3 komandasından biridir, stabildirlər. Onlardan Qəbələdə 1 xal almaq yaxşı nəticədir. Qalib gələ də bilərdik. Ancaq qələbə qazanmaq üçün ikinci topu vurmalı idik. Əlimizə düşən üstünlüyü inkişaf etdirmək lazım idi. Bu bizdə alınmadı. Əksinə, rəqib səhvimizdən istifadə edərək hesabı bərabərləşdirdi. Matçda axırıncı 6-7 dəqiqədə yenə üstünlük bizim tərəfdə oldu. Ümumilikdə çox yaxşı və keyfiyyətli mübarizə alındı”.

Sadıqov geridə qalan birinci dövrəni komandası üçün müsbət qiymətləndirib: “Nəzərə alaq ki, ilk milli fasiləyə qədər 2 oyun keçirdik və cəmi 1 xal qazandıq. Ondan sonrakı 5 matçda 11 xal toplamağımız bizim üçün yaxşı göstəricidir. Oyundan-oyuna da inkişafdayıq. Bəzi itkilərimiz var. Georgi Stoilov, Filipe Paxtman sıradan çıxdı. Məsələn, bu gün sona yaxın hücumu gücləndirmək istədim, ancaq ehtiyatda belə futbolçu yox idi. Məcburiyyətdən meydana müdafiəçi buraxdıq ki, Qismət Alıyevlə Coşqun Diniyevi irəli çıxaraq. Bu baxımdan çətinliklərimiz var. Qış fasiləsinə qədər zədəliləri sığortalamağa çalışacağıq. Qismət özü də “Sumqayıt”la oyunda zədələnmişdi, 10 günə yaxın idi bizimlə birlikdə deyildi. Son 25-30 dəqiqə iştirak edə bildi. Ümumilikdə çıxışımız müsbətdir, futbolçular tapşırıqları yerinə yetirməyə çalışırlar. İstəkli, həvəsli və nizam-intizamlıdırlar”.

Mütəxəssis qış fasiləsində heyəti gücləndirmək istədiklərini gizlətməyib: “Hər bir komanda heyətini daha da genişləndirmək, gücləndirmək istəyər. Əslində mövsümün əvvəlində daha geniş heyət planlaşdırırdım. Amma transfer siyasəti həm maddi durumdan, həm də sənə təklif olunan futbolçulardan asılıdır. Alınsa, rəhbərlik də icazə versə, bəlkə qışda heyəti bir az genişləndirdik”.

Baş məşqçi 18 yaşlı müdafiəçi Cəlal Hüseynova kapitanlıq sarğısını həvalə etməsinə də aydınlıq gətirib: “Heyətdə başqa təcrübəli futbolçular var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə “bərkiməsini”, məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı”.

Gənc mütəxəssis matçdan sonra müdafiəçiləri Dmitrios Çantaikasla rəqibin yarımmüdafiəçisi Ehtiram Şahverdiyev arasında yaşanan qalmaqalla bağlı da fikir bildirib: “Orada bir az gərginlik oldu. Ehtiram bir az gərginləşmişdi, görüşün son saniyələrində Çantaikasla aralarında nəsə olmuşdu. Ehtiramı sakitləşdirməyə çalışırdıq. Çox qarışıqlıq oldu, düzü, nə baş verdiyini bilmədik. Mütləq araşdıracağıq. Bizim futbolçunun bu məsələyə aidiyyəti varsa, hər hansısa bir danışıq və ya tədbir mütləq görəcəyik. Bunlar qəti şəkildə xoşlamadığım şeylərdir. Ehtiram da son vaxtlar yaxşı formada idi. Bu gün meydana girəndən sonra da oyun dəyişdi. Belə şeylərdən uzaq durmalıyıq ki, inkişafımıza mane olmasın”.

Sadıqov U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçin “çempionat oyunlarında 21 yaşadək futbolçu limiti 1 yox, 2 olsun” təklifinə də münasibət bildirib.

O, serbiyalı mütəxəssislə razı olmadığını deyib: “Bu fikirlə qəti razı deyiləm. Biz isə əksinə, təklif edirik ki, 21 yaşadak oyunçu limiti yığışdırılsın, amma komanda sayı artırılsın. Belə olan halda bütün gənclər oynayacaq. Mən çempionatımızda 18 yaşımda debüt etmişəm.Çünki komanda sayı çox idi, regionlarda futbol var idi. Gənclərə də hamı şans verməyə çalışırdı. Bu gün 8 komandalı çempionatda iştirakçıların hamısı avrokuboklara iddialıdırsa, rəhbərlik yalnız nəticə tələb edirsə, məşqçilər də gənclərə az şans verəcək. Obradoviç desəydi ki, komanda sayı artırılmalıdır, daha məntiqəuyğun olardı. Artıq ikinci dəfədir açıqlamasında fiziki cəhətdən problemlə bağlı ifadə istifadə edir. Xüsusən də, Rauf Hüseynlinin adını çəkmişdi. Bu dəfə də Raufu oynatmamaqda fiziki məsələni qabartdı. Bir məqama toxunum. Bəlkə də, bu dəqiqə çempionatda fiziki cəhətdən ən hazırlıqlı futbolçu Raufdur. Birinci təlim-məşq toplanışını “Qarabağ”la, ikinci hazırlıq dönəmini isə bizimlə keçib. Kimsə oynamırsa, yaxşı formada deyilsə, oyunu alınmırsa, bu, təkcə fiziki durumla bağlı deyil. Bu problemlər artıq keçmişdə qaldı. Əvvəllər komandamız 60-70-ci dəqiqədən sonra qol buraxanda bunu həmişə fiziki durumla bağlayırdılar. Rəqib geridə olanda böyük qüvvə ilə irəli atılmalı olur, daha məsuliyyətli və istəkli oynamağa başlayır. Texniki səhv ola bilər və ya komanda hesabda irəlidə olarkən son dəqiqələrdə psixoloji cəhətdən gərginləşə bilər. Min cür səbəblər var. Hər şeyi fiziki durumla bağlamaq 10-15 il əvvəldə qaldı. Artıq müasir futboldur. Raufun fiziki cəhətdən problemi olsaydı, Finlandiya ilə görüşün 86-cı dəqiqəsində qol vura bilməzdi. Hansısa oyunda performansından razı qalmayıbsa, bunu hər zaman fiziki durumla bağlamaq düz deyil. Deyirlər ki, futbolçu üç gün bizimlə olub, daha çox klubda hazırlaşıb. Əslində isə hər milli arada futbolçu 15 gün bizimlə birlikdə olmur. Milli ilə bağlı fasilə də hər ay olur. Necə ola bilər ki, futbolçu 3 gün onlarla, 27 gün bizimlə hazırlaşır? Bu haradan çıxıb? Sadə bir şeydir, təqvimə baxmaq kifayət edər. Başqasının üstünə səhvlər atmaq yaxşı hal deyil. Biz də çox şey deyə bilərik, amma danışmırıq. Ən azı düşünürük ki, həmkarıq, nəsə bir şey olanda dəstəkləməyə çalışırıq. Hər hansısa bir səhvləri, məsələləri qabartmırıq. Xahiş edirəm ki, bütün həmkarlar buna diqqət yetirsinlər. Elə danışsınlar ki, həmkarın işinə qarışmasınlar. İstifadə etdiyi ifadə ilə həmkarın işinə toxunmasın. Bu elə işdir ki, səhvsiz mümkün deyil. Ola da bilər ki, hansısa futbolçunu fiziki cəhətdən düzgün hazırlamaram. Amma bunu qabartmaqla bütün probelemləri, bütün uğursuzluqları belə şeylərlə bağlamaq absurddur. İstər yerli, istərsə də millidəki əcnəbi məşqçilər açıqlamalarında diqqətli olmalıdırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 03:00 AFFA-nın yeni qərarları
27 Noyabr 02:30 Koronavirusun yeni ştamı
27 Noyabr 01:10 4 cavabsız qol - VİDEO