"Rəşad Sadıqov Azərbaycan futbolunun ulduzudur"

23 Avqust 2021 10:40 Zirə 1 094
"Rəşad Sadıqov Azərbaycan futbolunun ulduzudur"

"Transfer pəncərəsi zamanı heç bir qapını bağlamadım. Belçikada əlaqələrim var, amma çox azdır. İyunadək Rumıniyada müqavilə imzalamalı idim. Son anda təyyarəyə minməkdən imtina etdim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin yeni transferi Loris Broqno "Dhnet" nəşrinə açıqlamasında deyib.

29 yaşlı vinger Avropa çempionatı zamanı transfer bazarında aktivliyin olmadığını bildirib: "Həqiqətən iyulun ortalarına qədər sakitlik idi. Daha sonra təkliflərim olsa da, səbrli davrandım. Özüm, həyat yoldaşım və iki övladım üçün doğru olanı seçmək istəyirdim".

Belçikalı oyunçu "Zirə"yə keçidi barədə də danışıb: "Mənimlə maraqlananlar arasında bu klub da var idi. İlk danışığım baş məşqçi Rəşad Sadıqovla gerçəkləşib. O, məni fəlsəfəsi və layihəsi ilə tanış etdi. İngilis dilini bilmədiyi üçün bunu tərcüməçi vasitəsi ilə reallaşdırdı. Əslində, Sadıqov Azərbaycan futbolunun ulduzudur. Onu yaxşı tanıyırlar və hörmət edirlər".

Qeyd edək ki, "Zirə" Loris Broqno ilə 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti