"Bu, effekt versə də qələbəyə çevirə bilmədik" - Rəşad Sadıqov

9 May 2021 20:30 Zirə 823
"Bu, effekt versə də qələbəyə çevirə bilmədik" - Rəşad Sadıqov

"Oyun gərgin keçdi. Qələbə qazanmaq istəyir, 3 xalın bizim üçün çox vacib olduğunu bilirdik. Amma alınmadı".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandası görüşə pis başlasa da, ikinci hissədə oyununu qaydasına sala bilib: "Müəyyən qol epizodları əldə etdik. Rəqibin də yaxşı əks-hücumları olurdu, lakin onlar imkanlarından yararlana bilmədilər".

Sadıqovun fikrincə, komandasının hədsiz yorğunluğu 10-15-ci dəqiqələrdən hiss edilməyə başlayıb: "6-7 oyundur 4-5 günlük fasilələrlə meydana çıxırıq. Futbolçularımızın belə sıx qrafikdə oynamaqda çətinlik çəkdiklərini hamımız bilirik. Bundan ötrü fiziki kondisiya və geniş heyət lazımdır. Bəzi oyunçuların dincəlmələri və ikinci hissədə daha gümrah olmaları üçün müəyyən rotasiyalar etdik. Bu, effekt versə də, qələbəyə çevirə bilmədik. Qarşıdakı turlarda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr göstərək".

Xəbər Lenti