Rəşad Sadıqov: "Heç vaxt hakim səhvi ilə qələbənin tərəfdarı olmamışam"

26 Aprel 2021 00:42 Zirə 1 476
Rəşad Sadıqov: "Heç vaxt hakim səhvi ilə qələbənin tərəfdarı olmamışam"

"Hər iki komanda bir-birinə yaxşı bələd idi və müdafiədə etibarlı oynadı. Heç bir tərəf səhvə yol vermədi.

Xırda epizodlar olurdu, o da zərbə və ya asma ilə nəticələnirdi. Oyun qol epizodları baxımından kasad keçdi.

Hər iki komanda ağıllı oynamağa və mübarizələrdə bir-birinə güzəştə getməməyə çalışırdı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, meydana qələbə üçün çıxmışdılar: "Elə bir oyun idi ki, səhv bağışlanmayacaqdı. Çünki hansısa komanda rəqibini 3 xal qabağa buraxsa, sonradan bunu aradan qaldırmaq çətin olacaqdı.

Növbəti xalımızı qazandıq. Əzmkar mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm".

Sadıqov rəqibin fiziki baxımdan daha gümrah təsir bağışladığını söyləyib: "Sumqayıt" "Qarabağ"la kubok görüşündə əsas oyunçularının əksəriyyətini qorumuşdu.

Bəlkə bu gün fiziki cəhətdən daha gümrah idilər. Amma bizim uşaqlar meydanda bunu hiss etdirmədilər, başabaş mübarizə apardılar.

Düzdür, ikinci hissənin əvvəlində çoxlu top itkilərimiz oldu. Bir az həmin vaxt rəqibə rahat oynamağa imkan verdik. Amma sonradan vəziyyəti bərabərləşdiridk".

Baş məşqçi oyunun əvvəllərində gərgin olmasının səbəbini də açıqlayıb: "Heç vaxt hakim səhvi ilə qələbənin tərəfdarı olmamışam.

Səhv gördüyümüz anda özümüzdən asılı olmayaraq gərginləşirik. Səhv olmayanda buna ehtiyac da qalmır. Amma ikinci hissədə özümü daha sakit saxlamağa çalışırdım.

Bilirdim ki, dəqiqələr keçdikcə, zatən, oyunçularda gərginlik artacaq. Ona görə özümü sakitləşdirdim ki, futbolçular meydanda daha sərbəst olsunlar".

O qeyd edib ki, "Sumqayıt"a qarşı oyunları pis keçmir: "Bir az son matçda rəqibin nisbətən üstünlüyü oldu. Amma digər qarşılaşmlarda üstünlük cüzi də olsa bizdə idi.

"Sumqayıt" çox yaxşı komandadır. Ayxan Abbasov yaxşı kollektiv qurub. Heyətlərin millinin 8 üzvü çıxış edir. Bu da komandaya əlavə motivasiya verir.

Bu gün "Sumqayıt"ın bir neçə düşünülmüş hücumunun qarşısını ala bildik. Amma özümüz hücumda istədiyimiz kimi oynaya bilmədik.

Çünki rəqibin heyətində ustalıq səviyyəsi yüksək müdafiəçilər var. Onlar da bizim qarşımızı almağa çalışırdı. Bu, hər iki komandada yaxşı alındı".

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı