Özünü döydürmək istəyən hakimin "meydan suladığı" Premyer Liqa vay...

22 Fevral 2021 16:00 Zirə 1 420
Özünü döydürmək istəyən hakimin "meydan suladığı" Premyer Liqa vay...

"Keşlə" - "Zirə" matçı gözlənilməz başladı.

Ev sahibləri nə vaxt belə mobil, sürətli oyuna başladıqlarını özləri də yaddan çıxarmışdı.

Hər iki komanda qələbəyə oynayırdı - basqı edir, 5-6 futbolçu ilə pressinqə gedirdilər. "Keşlə"də, bu, daha effektli alınırdı. Zirəlilər çalışırdılar orta templə topa nəzarət edib, rəqibi topsuz qoysunlar.

Orta sahədə "Keşlə"nin təzyiqi nəticəsində "Zirə"nin planları baş tutmurdu, sürətdə, ikili mübarizələrdə uduzurdular. Oyunun gedişi göstərirdi ki, qollar tez vurulacaq.

Qol isə ilk olaraq əks qapıya getdi. Stanislav Namaşkonun "hədiyyə"sindən istifadə edən "Zirə" rahat şəkildə hesabı açdı.

Bununla belə, oyunun axarı dəyişmədi. "Keşlə" mövqe hücumlarında, sürətli əks-hücumlarda zirəliləri üstələyirdi. Belə epizodların birində, lüzum olmadığı halda, Elvin Camalov penaltiyə səbəb oldu.

"Zirə"nin bəstəboy braziliyalı qapıçısı, onsuz da, bir-iki epizodda komandasını xilas etmişdi. Bu dəfə Meza Kollinin penalti zərbəsini də məharətlə dəf etdi.

Baş hakim Elçin Məsiyev obyektivliyi qorusaydı, epizod burada bitməliydi və növbəti qərar verilməliydi. Meza Kollinin zərbəsindən qabaq zirəli futbolçuyla eyni anda qaydaları pozaraq cərimə meydanına daxil olan Nicat Qurbanov üstünlük qazanaraq, topu qapıdan keçirdi.

Hakimin qayda pozuntusunu görməməsi fikirləri absurd olda. Penalti vurularkən, Elçin Məsiyev penalti vuruşundan çox, birbaşa cərimə meydanı xəttini öncədən nəzarətə götürmüş, futbolçulara xəbərdarlıq etmişdi.

Qayda pozuntusu baş hakimin gözünün qarşısında baş verdi. Matçın bərabərliklə bitdiyini nəzərə aldıqda, bu, birbaşa nəticəyə təsir edən bağışlanmaz hakim səhvidir.

"Keşlə" qaydalar çərçivəsində vurulmayan cavab qolundan sonra hücumlarını, rəqib yarı meydanında təsirli pressinqini davam etdirirdi. Çox keçmədən, belə həmlələrin birində Sadio Tonkara baxımlı qola imza atdı.

"Zirə"yə fasilə hava-su kimi lazım idi. Rəşad Sadıqov bəzi həmkarlarından fərqli, futbolçularını sındırmayaraq dəyişikliyə əl atmadı, ilk yarının bitməsini gözlədi.

Hacıağa Hacılının meydana çıxması "Zirə"nin oyununu tam dəyişdi. Artıq birinci hissədəki "Keşlə"dən əsər-əlamət qalmamaşdı. İkinci yarı onu göstərdi ki, Sənan Qurbanov matça yaxşı başlasa da, B planı yoxdur.

İkinci yarı başlayandan "Zirə" meydanda dominantlıq edirdi. Bunadək meydanda görünməyən Davit Volkov, tez-tez geri çəkilən Ağabala Ramazanov hücumlarının kəsərini artırmışdı.

Keşləlilərin B planı olmasa da, hakimlər briqadasının öz planı var imiş. Durduqları yerdə axtarıb "qırmızı" tapdılar. Baş hakim "Qarabağ" - "Neftçi" matçından sonra çox tərifləndi.

Əsasən tərifi edən məşqçilər oldu. Elçin Məsiyev, deyəsən, artıq özünə söz verib - hər idarə etdiyi oyunda qırmızı vərəqə olmalıdır. Bir komandaya bundan artıq necə kömək edirlər?

Anatolie Abanq elə cüssəlidir ki, zirəli futbolçular toplum halda üstünə düşüb sillələsələr, yerə yıxılmaz. Yanından yel keçən kimi az qaldı qolu sınsın, "təcili yardım"da xəstəxanaya aparsınlar.

Gənc FİFA referisi belə davam etsə, bir gün özü "qırmızı" alacaq. Elə meydandakı futbolçular tərəfdən. Fritz Stuxlikin sevimlisi rəzil olacağı günü gözünün altına alsın.

Günlərin birində "Azərbaycanda hakimi sillə-təpiyə "qonaq etdilər" başlıqlı xəbərlər manşetləri bəzəsə də, əmin olun ki, burada söhbət Elçindən gedəcək.

Bu, Stuxlikin mavi gözlərindən hər şey başqa cür görünsə də, Məsiyevin "Zirə"dən Dmitrios Çantakiasa göstərdiyi qrmızı vərəqə onun bir hakim kimi "böyümək" və inkişaf etmək perspektivinin, əslində. Sıfıra bərabər olmasını el-aləmə isbatladı.

Belə epizodlarda əlini cibinə atıb, oradan qırmızı rəngli kart çıxaran referinin sifətini al rəngə boyayardılar - bir neçə il əvvəl olsaydı. Bu, hakim özbaşnalığı və nadanlığıdır.

Tfu… Sizin öyrədəninizə və öyrənənizə.

"Zirə" baş məşqçisinin dediyi kimi, sınmadı, toparlanıb bərabərlik qolunu vurdu. Həmişə meydanda öz çılğınlığı ilə seçilən kapitan Ağabala Ramazanovu bu məqamda xüsusi qeyd edilməlidir.

Təmkinli davranışı ilə komandanı arxasınca apardı və qolun vurulmasını təşkil etdi. Hakimlə ünsiyyəti isə Rəşad Sadıqov öz üzərinə götürdü, bu da futbolçuların meydanda emosiyalarının qorunmasına kömək etdi.

Baş məşqçi komandanı hazırlasın, rəqiblərlə mübarizə aparsın, hakimlərlə döyüşsün, mətbuatla ünsiyyət qursun? Komandanı klub müdafiə etməlidir.

"Zirə" sanki tək Rəşad Sadıqovdan ibarətdir. Hərçənd o, meydanda tək qalmamalıdır.

Sənan Qurbanov və "Keşlə" özünü günahlandırmalıdır. Belə oyunda xallar itirmək komandaya sonda baha başa gələcək.

Qələbə qollarını onların yerinə hakimlər vurası deyil. Elçin kimisi bir dəfə köməyə tələsəcək, iki dəfə üzgörənlik edəcək, yenə də Qurbanova lazımdır ki, futbolçularını oyuna, qələbəyə hazırlasın.

Bunu bacarmırsa, özünə başqa peşə tapsın. Məsələn, Operativ Qərargahın toyların keçirilməsinə icazə verilməsinə ümid etsin, ona hazırlaşsn.

Ondan yaxşı tamada çıxar, gözəl lətifə danışmağı, qəşəng parodiya etməyi var.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"