
Bilindiyi kimi, "Turan Tovuz" bugünlərdə sıralarına yeni futbolçu qatıb.
Tovuz təmsilçisi "Qarabağ"ın sabiq hücumçusu İbrahima Vadjini sıralarına qatıb.
Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən legionerlə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Mölde" və "Hauqesund"un formasını geyinib.
Vadji 2021/2022 mövsümündə "Qarabağ"da tər töküb. Və Ağdam klubunda möhtəşəm performans sərgiləyib.
36 görüşdə 20 qol, 3 asist.
"Sent-Etyen" afrikalını 1,6 milyon avro qarşılığında "Qarabağ"dan transfer eləyib. O, Liqa 2-də 51 matç keçirib, 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Maraqlıdır ki, 13 qoldan 12-sini 2022/23 mövsümündə vurub. Elə keçirdiyi 51 qarşılaşmanın 31-i də həmin sezona təsadüf edir.
Sonrakı iki futbol mövsümündə uğursuzluq yaşayıb.
2023/24 mövsümündə 10 matçda cəmi 1 qolla yadda qalıb.
2024/25 mövsümündə isə meydana çıxdığı 10 oyunda aktivinə qol yaza bilməyib.
Zədədən əziyyət çəkdiyi üçün əsas heyətdə yerini itirən seneqallı Azərbaycana öz təşəbbüsü ilə qayıdıb. «Turan» onunla maraqlanmayıb.
O, «Turan»la maraqlanıb. Menecerlər vasitəsilə Tovuz təmsilçisinə xəbər göndərən Vadji öz xidmətini təklif edib. Və Fransada qazandığı puldan qat-qat aşağı məbləğə.
Afrikalının illik gəliri 180 min dolları keçməyəcək. Bu, «Turan»dan ötrü böyük rəqmdirsə, Vadji üçün qəpik-quruşdur.
«Sent-Etyen»də bir sezona 1 milyon avroya yaxın vəsait əldə eləyən hücumçu məcburiyyətdən «Turan»ın yolunu tutub.
Çünki «Qarabağ» onu geri qaytarmağa maraq göstərməyib, danışıqlar apardığı Avropa klubları isə bu izdivaca yaxın durmayıb.
Vadji 2022-ci ilin sentyabrında «Qarabağ»ı xanımının təkidi ilə tərk etmişdi. Həyat yoldaşı Bakıda sıxıldığını deyərək, onun qərarına təsir göstərmişdi.
Nə var, nə var, paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində onunla sərt danışıblar.
Qadın bu dəfə də Vadjinin Azərbaycana dönməsinə sevincək reaksiya verməyib. Sadəcə, məcburiyyət…
Ərinin daha 5-6 ay futbolsuz qalmaq ehtimalını göz önünə gətirərək, son seçimə qarışmayıb.
SPORTİNFO.AZ