Qurban Qurbanov imtina etdi, bölgə klubu sahib çıxdı - GİZLİ DETALLAR

1 Avqust 22:20 Turan 2 906
Qurban Qurbanov imtina etdi, bölgə klubu sahib çıxdı - GİZLİ DETALLAR

"Turan Tovuz" növbəti transferini reallaşdırıb.

Tovuz təmsilçisi İbrahima Vadji ilə anlaşıb.

Hamımıza "Qarabağ"dan yaxşı tanış olan seneqallı ilə 1+1 illik müqavilə imzalanıb.

30 yaşlı hücumçunun keçidi tovuzlu azarkeşlərin sevincinə səbəb olub.

Bunu klubun sosial şəbəkə hesabına gələn rəylərdən görmək mümkündür.

Vadji 2021/2022 mövsümündə "Qarabağ"da çıxış edib. Və Ağdam klubunda möhtəşəm performans sərgiləyib.

36 görüşdə 20 qol, 3 asist.

Bunu bacaran birini toy-bayramla qarşılamaq məntiqlidir.

Bəs həmin Vadjinin indiki durumu nə yerdədir?

Buna göz gəzdirəndə tam fərqli mənzərə ortaya çıxır.

Hətta sevinmək üçün erkən olduğunu belə demək olar.

Afrikalı "Qarabağ"dan transfer olunduğu "Sent-Etyen" klubunda 51 görüşdə 13 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İlk baxışdan bu da pis nəticə sayılmaya bilər.

Ancaq məsələ ondadır ki, Vadji 13 qoldan 12-ni 2022/23 mövsümündə vurub. Elə keçirdiyi 51 görüşün 31-i də həmin sezona təsadüf edir.

Yəni "Qarabağ"da formaya düşüb, transfer edildiyi mövsüm.

Sonrakı iki futbol mövsümündə təcrübəli forvard uğursuzluq yaşayıb.

2023/24 mövsümündə keçirdiyi 10 görüşdə cəmi 1 qolla yadda qalıb.

2024/25 mövsümündə isə meydanda çıxdığı 10 görüşdə heç nə ilə yadda qalmayıb.

Ümumiyyətlə, başa çatan futbol ilində uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq düşüb.

Bir sözlə, bugünkü Vadjini "Qarabağ"dakı ilə müqayisə etsək, arada ciddi uçurum olduğunu deyə bilərik.

Son həftələr oyunçu menecerlər vasitəsi ilə dəfələrlə "Qarabağ"a söz yollamış, öz xidmətini təklif etmişdi.

Amma Qurban Qurbanov hətta ciddi hücumçu sıxıntısı yaşadığı indiki məqamda onun xidmətindən imtina edib.

Görünür, təcrübəli mütəxəssisin qərarı səbəbsiz deyilmiş.
Formasından çox uzaq olan biri onun nəyinə lazımdır?

Qısası, Vadji ilə bağlı real durum ürəkaçan deyil.

Karyerasındakı boşluğu "Turan"da unutdurub-unutdurmayacağını isə təbii ki, zaman göstərəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!