
Tovuzlu futbolsevərlər bu il «Turan»ın oyununu izləyə bilməyəcək.
Komanda ən tezi 5-6 ay doğma rayondan kənarda qalacaq.
Məlum olduğu kimi, iyulun 25-də Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.
Süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.
Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və təbii qazonun salınmasına başlanılacaq.
Bir neçə gün öncə verilən rəsmi açıqlamada işlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulduğu bildirilmişdi.
Amma… Vəziyyət indi bir qədər dəyişib.
Yenilənmə prosesi daha uzun zaman alacaq. «Turan» yanvar-fevral aylarınadək gözləməli olacaq.
Komanda bu zaman kəsiyini Bakıda keçirəcək: məşqləri Kürdəxanıda keçəcək, rəsmi oyunlara Suraxanıda çıxacaq.
SPORTİNFO.AZ